Hadisə

Jurnalistdən deputata inanılmaz ittihamlar…

Jurnalist Samir Feyruzov Milli Məclisin deputatı Nəsib Məhəməliyevi və ailə üzvlərini mütəşəkkil cinayətkarlıqda ittiham edib…

Poliqon xəbər verir ki, bu barədə jurnalist Facebook sosial şəbəkəsində yazıb. Həmin yazını təqdim edirik.

“Diqqət edin, görün ölkədəki sabitlikdən, sivil cəmiyyət qurmaqdan, mənəviyyatdan kim danışır…

– 1996-cı il fevralın 26-da əslən avar olan (Balakən rayonundan) Milli Məclisin deputatı Əli Ansuxski evinin qarşısında qətlə yetirilir. Rayonda ciddi nüfuzu olan Ə.Ansuxskinin ölümündən sonra Balakən rayonunda cinayətkar dəstə şəklində formalaşan “Məhəməliyevlər ailəsi” daha da aktivləşir. Belə ki, 1996-cı ilin ortalarında Milli Məclisin indiki deputatı Nəsib Məhəməliyev Balakən Rayon İcra Hakimiyyətinin qarşısında cibindən tapança çıxararaq, bir neçə güllə atır. O, 1 ay Balakən rayon polis idarəsində kamerada yatır. Bundan sonra rüşvət hesabına onun cinayət işini Oğuz rayon prokurorluğuna köçürüb işə xitam verirlər.

– N.Məhəməliyevin qardaşı Yusif Məhəməliyev barəsində 1999-cu il oktyabrın 26-da Balakən Rayon Prokurorluğunda “1055” nömrəli cinayət işi açılır. Ancaq Avropa Şurasının 50 illiyi münasibətilə Milli Məclisin 10 dekabr 1999-cu il qərarı ilə amnistiyaya düşərək azadlığa çıxır.

N.Məhəməliyevin qardaşı, rayonda böyük cinayətkar dəstə saxlayan Yusif Məhəməliyev Qarabağ əlillərini, qadınları döyür, rayonda yanacağı talayır, fındıq sahələrini və sahibkarları döyərək onların torpaq sahələrini əllərindən alır. Onun əhali ilə davasını “Balakən” TV-nin əməkdaşı Telman Dibirov kameraya çəkir. T.Dibirov onun təhdid və təkliflərinə reaksiya vermir və bundan qısa müddət sonra – 1999-cu il avqust ayında vəhşicəsinə qətlə yetirilir. Bu cinayət işini “yerli icra hakimiyyət orqanlarının mənafelərinə zidd informasiyalar ictimailəşdirdiyini görə” şəklində qiymətləndirilir.

İnsanları cinayətdə suçlayan, özü isə xırtdəyə qədər zibilin içində olan N.Məhəməliyev haqqında araşdırmalarımız davam edir. Görün, xalqımızı Milli Məclisdə kim təmsil edir.

“Mənim öyrəndiyim milli tarix və ya Balakən reallığ” adlı bu kitabda Milli Məclisin deputatı Nəsib Məhəməliyev və onun qardaşı Yusif Məhəməliyevin cinayətlərindən bəhs edilir. Bu kitabı əldə edib mütləq oxuyun…

Məlumat üçün bildirim ki, 23 fevral 2020-ci il tarixində “Reaksiya” yutub kanalında da bu kitab haqqında danışılır, N.Məhəməliyev tənqid olunur. Qəribədir, N.Məhəməliyev indi həmin kanaldan xalqa əxlaq dərsi keçir.
Samir Feyruzov”.

Qeyd edək ki, Nəsib Məhəməliyev uzun illər boyu Nəsimi rayon icra hakimiyyətinin başçısı olub. Vəzifədən alındıqdan sonra Balakən rayonundan Milli Məclisə seçilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button