DünyaManşet

Amerikalı ekspert erməniləri ifşa etdi

Maykl Günter deyib ki, Osmanlı dövlətində çox sayda türkün erməni quldur dəstələri tərəfindən qətlə yetirilməsinə baxmayaraq, ermənilər bu cinayətlər barədə susmağa üstünlük verirlər

“Erməni quldur dəstələri Birinci Dünya müharibəsinin başlamasından 50 il əvvəl Osmanlı dövlətində cinayətlər törətdiblər. Lakin erməni quldur dəstələrinin Osmanlı dövlətində törətdiyi cinayətlər barədə ermənilər danışmağa yox, susmağa üstünlük verirlər”.

AzToday.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Yaxın Şərq üzrə ekspert, Tennessi Texnologiya Universitetinin professoru Maykl Günter “Əsrlik erməni yalanları və siyasi proses” konfransındakı çıxışında deyib. Onun sözlərinə görə, 1915-ci il hadisələrindən xeyli əvvəl erməni quldur dəstələri Osmanlı dövlətində qanlı cinayətlər törətmişlər, lakin “əzabkeş xalq” imicinə xələl gətirməkdən ehtiyatlanan ermənilər bu barədə susmağa üstünlük verirlər.

Videokonfrans şəklində keçirilən toplantıda iştirak edən M.Günter deyib ki, 1915-ci il hadisələri həm türk, həm də erməni xalqları üçün ağrı-acılarla doludur. Onun sözlərinə görə, bu hadisələr zamanı çox sayda erməni ölüb:

“Lakin həmin hadisələri “erməni xalqının soyqırımı” adlandırmaq olmaz. Eyni dövrdə çox sayda türk erməni quldur dəstələri tərəfindən qətlə yetirilib”.

M.Günterin sözlərinə görə, Osmanlı dövlətinin düşdüyü çətin vəziyyətdən erməni dəstələri istifadə etdilər:

“Erməni quldurlar Birinci Dünya müharibəsinin başlamasından 50 il əvvəl Osmanlı dövlətində cinayətlər törətdilər. Bu cinayətlər arasında 21 iyul 1905-ci ildə Yıldız məscidində II Sultan Əbdülhəmidə edilən sui-qəsdi də qeyd etmək olar. 1915-ci il hadisələrindən çox əvvəl Osmanlı dövlətində erməni dəstələri qanlı cinayətlər törətdilər, bununla əlaqədar etnik ermənilərin köçürülməsi haqqında qərar verildi. Ancaq ermənilər “əzabkeş xalq” imicinə xələl gətirməmək üçün erməni quldur dəstələrinin cinayətləri barədə susmağa üstünlük verirlər”.

M.Günter onu da vurğulayıb ki, bu gün bir çox ölkə Osmanlı dövlətində 1915-ci ildə baş verən hadisələrdən siyasi vasitə kimi istifadə edir. Professor bildirib ki, Türkiyə hakimiyyəti tarixçiləri və mütəxəssisləri açıq şəkildə 1915-ci il hadisələrini araşdırmağa çağırır, lakin erməni tərəfi bu çağırışlara məhəl qoymur:

“Araşdırma zamanı Türkiyə və Ermənistan tərəflərinin fikirləri ilə tanış olmuşam. Erməni tərəfi, Türkiyədən fərqli olaraq, tarixin araşdırılmasını istəmir. Yəni ya ermənilərin bu barədə fikirləri ilə tam həmrəy olmalısan, ya da susmalısan. Bunu elmi və sağlam mövqe adlandırmaq olmaz”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button