Siyasət

Azərbaycan məhkəmələrin və prokurorluqların feminizasiyasına görə Avropa ölkələrindən geri qalır

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası 44 Avropa ölkəsi və üç müşahidəçi dövlətin məhkəmə sistemlərindəki əsas tendensiyalara dair növbəti hesabatını dərc edib. Bu 2002-ci ildə qurumun fəaliyyətə başlamasından bu yana onuncu qiymətləndirmə hesabatıdır.

Avropa ölkələri öz məhkəmə sistemlərinə orta hesabla 1,1 milyard avro xərcləyiblər ki, bu da hər bir sakinə 79 avro təşkil edir (2018-ci illə müqayisədə 7 avro çoxdur). Bu büdcənin orta hesabla 66 faizi məhkəmələrə, 24,5 faizi prokurorluq orqanlarına, 9,5 faizi isə hüquqi yardıma ayrılır. Gürcüstan (8,7 avro) və Azərbaycandan (9,6 avro) fərqli olaraq, İsveçrə və Mərakeş bir sakinə ən çox pul xərcləyən ölkələrdir (217 və 199 avro).

Şərqi Avropa ölkələri prokurorluq xidmətlərinə proporsional olaraq daha çox pul xərcləyirlər, halbuki, Şimali Avropa ölkələri hüquqi yardıma daha çox sərmayə qoyurlar.

Avropada vəkillərin sayı artmaqda davam edir və 100 000 sakinə orta hesabla 172 müdafiəçi düşür. Eyni zamanda, Azərbaycanda bu göstərici cəmi 20-dir.

Bu baxımdan Lüksemburq liderdir – 100 min nəfərə 485 vəkil düşür.

Avropa Şurası üzv dövlətlər və təşkilatlar məhkəmə fəaliyyətini dəstəkləmək üçün informasiya-kommunikasiya texnologiyalarından daha çox istifadə edirlər və məhkəmələrin büdcəsinin böyük hissəsini kompüterləşdirməyə ayırırlar.

2020-ci ildə Azərbaycan, Finlandiya və Slovakiya məhkəmə sistemində informasiya-kommunikasiya texnologiyalarına orta Avropa göstəricisindən üç dəfə çox sərmayə qoyub.

2020-ci ildə Çexiya, Malta, Mərakeş, Sloveniya və İspaniya məhkəmə sistemi büdcəsinin 80 faizdən çoxunu məhkəmələrə yönəldib, Albaniya, Azərbaycan, Bolqarıstan, Kipr, Gürcüstan, Moldova isə məhkəmə sistemi büdcəsinin 35 faizdən çoxunu məhkəmə təqiblərinə yönəldib.

Azərbaycanda hüquqi yardım xərcləri artsa da, bu, dövlət tərəfindən təyin edilən vəkillərin qonorarlarının məbləğinin artması hesabına olub.

Azərbaycan Ermənistanla yanaşı məhkəmə korpusunda qadın hakimlərin 40 faizdən az təşkil etdiyi ölkələr sırasındadır.

Prokurorluğun feminizasiyasının artması fonunda Azərbaycan Albaniya, Gürcüstan, Ermənistan və Türkiyə ilə birlikdə qadın prokurorların sayının 40 faizdən az olduğu ölkələr sırasındadır. (Turan)

Bənzər yazılar

Back to top button