İqtisadiyyatManşet

Nazir “Bolt”, “Uber”, “Yango”nu tənqid etdi – Qanunvericilik dəyişir

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi xidmətində keyfiyyətin yüksəldilməsi və mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə artıq bir müddətdir ki, mühüm islahatların planlamasını aparır”.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev APA-ya müsahibəsində deyib.

O bildirib ki, nəticədə taksi fəaliyyətinin tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması istiqamətində mühüm hazırlıq işləri görülməkdədir:

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq.

Bu dəyişikliklər qəbul edildikdən sonra qlobal şirkətlərin ölkə qanunlarına riayət etməsini təmin etmək üçün müvafiq alətlər formalaşacaq”.

Nazir bildirib ki, taksi xidmətləri sahəsində çatışmazlıqlar mövcuddur:

“Taksi sürücüləri, xüsusilə də qlobal aqreqatorlarla çalışan sürücülər, ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər. Öz növbəsində sərnişinlər də xidmət keyfiyyətinin aşağı olmasından, kobud və qeyri-etik davranışlardan narazılıq edirlər. Taksi xidməti göstərən avtomobillərdə bir çox hallarda gigiyenik normalara riayət olunmur. Bütün bunlar problemlərin yalnız üzdə görünən hissəsidir.

Mövcud problemləri dərindən öyrənmək və müvafiq həll yolları təklif etmək məqsədilə nazirlik məsləhətçi şirkətlərin də iştirakı ilə araşdırma həyata keçirdi. Bu araşdırma zamanı xoş olmayan nəticələrlə qarşılaşdıq.

Belə ki, statistikaya görə, Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur. Bu, şəhərdə tıxacların yaranmasına təsir etməklə yanaşı, neqativ ekoloji nəticələrə də gətirib çıxarır.
Burada bir faktı da qeyd etmək vacibdir. Taksilərin tıxaca və ekoloji vəziyyətə təsiri yalnız sayın çoxluğu ilə məhdudlaşmır. Bu, həm də gündəlik səyahətlərin sayı ilə bağlı bir məsələdir. Belə ki, fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edir. Bu baxımdan 10 min taksi şəhərdə 100 min fərdi maşın effektini yaradır.

Təəssüf ki, tənzimlənmədəki boşluqlar bu sahədə aqreqatorlar arasında qeyri-sağlam rəqabətə və bunun nəticəsində xidmət keyfiyyətinin xeyli aşağı düşməsinə gətirib çıxarıb. Bununla yanaşı, araşdırmalarımız onu da göstərir ki, taksilərin sayının normadan çox olması həm də ictimai nəqliyyatdan, o cümlədən metro və avtobuslardan sərnişin axınına səbəb olub. Məsələn, 2022-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 12% aşağı olub. Analoji vəziyyəti avtobus gedişlərində də görmək olar. Təkcə Bakı şəhərində avtobusla daşınan sərnişinlərin sayı bəhs edilən dövrdə 35% azalıb”.

R. Nəbiyev bildirib ki, “Bolt”, “Uber”, “Yango” kimi şirkətlər də problemin böyüməsində mühüm rol oynayıb:
“Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açır.

Belə ki, adıçəkilən şirkətlərdə çalışan sürücülərlə əmək müqavilələrinin bağlanmaması, sürücülərin bəzən 14-16 saat sükan arxasında olması, bunun müqabilində isə gəlirlərinin çox aşağı olması kimi neqativ hallar müşahidə olunur. Eyni zamanda, bu şirkətlər tərəfindən vətəndaşların fərdi məlumatlarının mühafizəsinə dair mövcud qanunvericilik normaları da kobud şəkildə pozulur”.

Bənzər yazılar

Back to top button