İqtisadiyyat

Azərbaycan ətlik at satışını yenidən artırıb – Son 8 ilin statistikası

Bu ilin ilk 3 ayı ərzində Azərbaycan xarici ölkələrə 690 ədəd diri at satıb.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə at ixracı 60% artıb. Belə ki, 2022-ci ilin ilk 3 ayında Azərbaycandan xaricə 433 at satılıb.

Bu il xaricə satılan bir baş atın orta gömrük dəyəri 160,5 dollar (273 manat) olub. Ötən ilin eyni dövründə bu göstərici 180,6 dollar (307 manat) təşkil edib.

İxrac olunan atların böyük əksəriyyəti – 590 başı Qazaxıstana satılıb. Qazaxıstana satılan bir baş atın orta gömrük dəyəri 155 dollar (264 manat) olub.

Bundan başqa 50 Özbəkistana, 45 at Qırğızıstana, 3 at Rusiyaya, 2 at isə Gürcüstana satılıb.

Qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin il 1155 baş at ixrac olunub və bunun 1120-si Qazaxıstana satılıb. 2016-cı ildə Qazaxıstana satılan bir baş atın orta gömrük dəyəri 140 dollar olub.

2017-ci ildə at ixracı 2016-cı illə müqayisədə 6,6 dəfə artaraq 7619 baş olub və bunların hamısı Qazaxıstana satılıb. Orta gömrük dəyəri isə 148 dollar olub.

2018-ci ildə at satışı azalaraq 2071-ə düşüb. Bir baş atın qiyməti isə 149 dollar təşkil edib.

2019-cu ildə at ixracı 461 baş, 2020-ci ildə 208 baş, 2021-ci ildə isə 349 baş olub. 2022-ci ildə isə yenidən artraq 3 524 başa yüksəlib və bunun 3 174-ü Qazaxıstana satılıb. Ötən il ixrac olunan bir baş atın gömrük dəyəri isə 176 dollar olub.

Xatırladaq ki, İslam ölkələri (Orta Asiya istisna olmaqla) və ingilisdilli ölkələr at ətini istehlak etməyən ölkələr hesab olunur. Fransa, İtaliya, Belçika, Almaniya və Orta Asiya ölkələri başda olmaqla digər ölkələrdə ən çox istifadə olunan ət növlərindən biri at ətidir.

Bənzər yazılar

Back to top button