ManşetSiyasət

Əliyev və Paşinyanın Kişinyov görüşündən nə gözləmək olar?

Avropa siyasi birliyinin sammiti çərçivəsində Kişinyovda Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsində ancaq Qərbin – Avropa İttifaqı və ABŞ-ın nümayəndələri nikbinlik ifadə edirlər.

Avropa İttifaqı Şurasının rəhbəri və Dövlət Departamentinin mətbuat katibinin bəyanatlarında sülhün yaxın və tamamilə mümkün olmasına əminlik var. Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi sensasiyalı bəyanat verib ki, ABŞ İlham Əliyevin Qarabağ separatçılarına amnistiya verməyə hazır olduğunu alqışlayır.

Bu fonda Yerevan və Bakıdan Qərb tərəfdaşlarının nikbinliyinə əks bəyanatlar səslənir. Yerevan təkrar edir ki, onun üçün qırmızı xətlər var və onları keçməyəcək, Bakı isə bəyan edir ki, ermənilərin vaxtı azdır və düşünməlidirlər.

Kişinyov görüşündə Avropa liderləri – Şarl Mişel, Emmanuel Makron və Olaf Şoltsun tərəflərin birdən-birə hansısa sənədi imzalayacağı ilə bağlı nəsə təklif edə biləcəyini düşünmək çətindir.

Əliyev və Paşinyanın Moskvada son görüşü bir-birinin ərazi bütövlüyünün tanınması ilə bağlı tərəflərin bəyanatlarına baxmayaraq, nə qədər mühüm ziddiyyətlərin olduğunu göstərdi. Hətta Paşinyanın Qarabağın Azərbaycan ərazisi olması barədə sensasiyalı bəyanatı da gərginliyi aradan qaldırmayıb. Rusiya prezidentinin və Avrasiya İqtisadi Birliyi ölkələrinin liderlərinin yanında iki liderin mübahisəsi bunun bariz sübutudur.

Çox güman ki, beştərəfli görüş Avropa liderlərinin Ermənistan və Azərbaycan liderlərini sülhün hər iki ölkə üçün nə qədər sərfəli olduğuna və Avropa İttifaqının onları iqtisadi cəhətdən dəstəkləməyə hazır olduğuna inandırmaq cəhdlərilə başa çatacaq.

Bütün bu fikirlər, görünür, mayın 14-də Brüssel görüşündə olduğu kimi, görüş iştirakçıları və ya Şarl Mişelin öz adından yekun bəyanatda cəmləşəcək.(Turan)

Bənzər yazılar

Back to top button