Dünya

Rusiya ordusu dünyada deyil, Ukraynada ikincidir – Blinken

Kreml Rusiya silahlı qüvvələrinin “dünyada ikinci” olduğunu bildirirdi, amma “bu gün çoxlarına məlum oldu ki, Rusiya SQ qüvvəsinə görə Ukraynada ikincidir. Bu, onların texnikasına, rəhbərliyinə, strategiyasına, taktikasına və əsgərlərin döyüş əhval-ruhiyyəsinə aiddir”.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Helsinkidə çıxışında bildirib.

O, demokratik dünyanı və azad millətləri Rusiyanı siyasi və iqtisadi cəhətdən təcrid etməyə və zəiflətməyə, habelə Ukraynanı hərbi sahədə dəstəkləməyə çağırıb.

O, Ukraynada “Rusiyanın torpaqları ələ keçirməsini qanuniləşdirəcək saxta sülhdən” çəkindirib.

Putin Ukrayna ərazisinin beşdə birini əldə edərsə, Rusiyanın hansı qonşusu özünü öz suverenliyindən və ərazi bütövlüyündən əmin hiss edər?

Putin BMT Nizamnaməsinin əsas prinsipini pozduğuna görə cəzasız qalsa bütün dünyada digər potensial təcavüzkarlar bundan hansı dərsi çıxarar? – deyə Blinken qeyd edib.

“Biz Rusiya hökumətini devirməyə çalışmırıq və heç vaxt bunu etməmişik. Rusiyanın gələcəyini ruslar həll etməlidir. İcazə verin, bunu birbaşa rus xalqına deyim: Birləşmiş Ştatlar sizin düşməniniz deyil. Soyuq müharibə sülh yolu ilə başa çatdıqdan sonra biz Rusiyanın daha işıqlı, azad və açıq gələcəyə doğru gedəcəyi ümidlərini bölüşürdük.

30 ildən çoxdur ki, biz Moskva ilə sabit əməkdaşlıq münasibətlərini qoruyub saxlamağa çalışırdıq, çünki inanırdıq ki, dinc, təhlükəsiz, mütərəqqi Rusiya Amerikanın maraqlarına, hətta bütün dünyanın maraqlarına cavab verir.

Biz sizin yerinizə sizin gələcəyinizi seçə bilmərik və bunu etməyə çalışmayacağıq da. Amma, eyni zamanda, biz prezident Putinin öz iradəsini başqa xalqlara zorla qəbul etdirməsinə imkan verməyəcəyik. Moskva qonşularının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə Rusiyaya qarşı tələb etdiyi hörmətlə yanaşmalıdır”, deyə Blinken vurğulayıb.

Bu, həmçinin o deməkdir ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi Rusiya tərəfindən deyil, Ukrayna və müttəfiqləri tərəfindən həll olunacaq, deyə Blinken sözünə davam edib. “Sülhə gedən yol təkcə Ukraynanın uzunmüddətli hərbi gücü sayəsində deyil, həm də onun iqtisadiyyatının və demokratiyasının gücü sayəsində çəkiləcək. Bu, Ukrayna xalqının 1991-ci ildə müstəqilliyini qazandığı zaman lehinə səs verdiyi yoldur”, deyə Blinken qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button