Dünya

“Vaqner”in rəhbərindən Putinə həyəcanlı müraciət – 200 min əsgər istədi

“Vaqner” özəl hərbi şirkətin yaradıcısı, iş adamı Yevgeni Priqojin Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiya tərəfindən işğal olunmuş ərazilərin bir hissəsini itirəcəyini proqnozlaşdırıb və bunun qarşısını almaq üçün ona 200 min əsgər ayrılmasını istəyib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə “Sqinal” Teleqram kanalına müsahibəsində bildirib.

“Vaqner özəl hərbi şirkət bu gün təyyarələr, helikopterlər, tanklar, artilleriya və lazım olan hər şeyi ilə nəsə etməyə qadir olan yeganə ordu strukturudur. Dedim ki, mənə 200 min adam lazımdır. Luqansk-Donetsk cəbhə xəttində 200 mindən az adam öhdəsindən gələ bilməyəcək. Biz bütün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”, – deyən Priqojin yeganə problemin qoşunları silah və sursatla təmin etmək olduğunu bildirib.

“Vaqner”in sahibi prezident Vladimir Putini Ukrayna Silahlı Qüvvələrinə qarşı əsgərlərin cəlb edilməsi üçün ümumi səfərbərlik elan etməyə çağırıb. Eyni zamanda, onların hazırlanmasının ən azı üç ay çəkəcəyini, əks halda onların “top yemi olacağını” bildirib.

O, qeyd edib ki, təcili hərəkətə keçmək lazımdır, çünki Ukrayna Silahlı Qüvvələri “artıq müdafiə xəttini yarıb”. “Baxmutun yaxınlığında üç yerdə, Toretskdə böyük bir cəmlənmə var və bu gün-sabah Kurdyumovka və Ozaryanovkanı ələ keçirməyə başlayacaqlar. Belqorod vilayəti dağıdılır. Zaporojyedə ən ciddi yaşayış məntəqələrindən biri itirilib. İndi onlar Donetsk istiqamətində şimal və cənubdan vuracaqlar və vaxt olmayacaq. Aviasiya xilas etməyəcək”, – deyə Priqojin bildirib.

O, bir daha Müdafiə Nazirliyini tənqid edib və bildirib ki, nazirliyin rəhbərliyi vəziyyətin ciddiliyini dərk etmir və düzəltmək iqtidarında deyil. “İdarəetmə yoxdur, planlaşdırma yoxdur, hazırlıq yoxdur, qarşılıqlı hörmət yoxdur. Və sonra bütün bunlar yuxarıdakı hay-küylə əvəz olunur. İndi biz ciddi itkilər verəcəyik, buna tam əminəm. Biz əlbəttə ki, ərazilərin bir hissəsini itirəcəyik”, – deyə Priqojin xəbərdarlıq edib.

Onun sözlərinə görə, Baxmutun şimalındakı Razdolovka yaxınlığındakı mövqelər bu gün itirilib və Zaporojye istiqamətində baş verənləri ümumilikdə “fəlakət” kimi xarakterizə etmək olar.

“Novodonetskoye artıq alınıb. Qoşunlar daha da, 5-8 km dərinliyə geri çəkilsə, bu o deməkdir ki, düşmənin nəzarətsiz girişi olacaq. Biz başa düşürük ki, bu ərazinin sakinlərinin ən azı 50%-i Ukrayna Silahlı Qüvvələrinə kömək edəcək. Buna görə də, onlar bir az da dərinə girsələr, Berdyanska, Mariupola gedəcəklər və onları dayandırmaq mümkün olmayacaq”, – “Vaqner”in rəhbəri bildirib.

Bənzər yazılar

Back to top button