Siyasət

Aİ missiyası Azərbaycan XİN başçısının çıxışına münasibət bildirib

“Azərbaycan Aİ üçün mühüm tərəfdaşdır. Biz xüsusən energetika, islahatlar, ticarət və investisiyalar sahəsində məhsuldar əməkdaşlığımızın davam etdirilməsində və möhkəmlənməsində maraqlıyıq.

Bu barədə Aİ-nin ATƏT-dəki Nümayəndəliyinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışına cavab bəyanatında bildirilib.

Bəyanatda deyilir ki, energetika və rabitəlilik Aİ-nin İqtisadi və İnvestisiya Planının əsas elementlərini təşkil edir.

“Planın məqsədi Azərbaycana 2 milyard avroyadək mühüm dövlət və özəl investisiyalarının cəlb olunmasından ibarətdir. Azərbaycan Avropanı Mərkəzi Asiya və onun hüdudlarından kənara birləşdirən Orta Dəhlizin inkişaf etdirilməsində və xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsində əsas rol oynayır. 2022-ci ilin iyul ayında Bakıda Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb”, deyə Aİ-nin bəyanatında qeyd edilir.

Sənəddə deyilir ki, müstəqil, stabil və firavan ölkənin təmin olunmasında qanunun aliliyi, insan haqlarının və demokratik təsisatların möhkəmləndirilməsi Azərbaycanın uzunmüddətli maraqlarına xidmət edir.

“Mayın 22-23-də Brüsseldə keçirilən Ədliyyə, Azadlıq, Təhlükəsizlik və İnsan Haqları və Demokratiya üzrə Alt Komitənin iclasında Aİ Azərbaycanın məhkəmə sisteminin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin effektiv mexanizmlərinin yaradılması və Aİ standartlarına uyğun olaraq şəffaflığı təmin etmək üçün dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində addımlar atmaq öhdəliyini təqdir edib. Eyni zamanda, Aİ Azərbaycanın məhkəmə sisteminin müstəqilliyinin və qərəzsizliyinin təmin olunması üçün əlavə addımların atılmasının vacibliyini qeyd edib və müstəqil səslərin (şəxslərin) davamlı təqib olunmasından narahatlığını ifadə edib. Aİ həmçinin Venesiya Komissiyasının 2022-ci il Media Qanunu və Siyasi Partiyalar haqqında yeni Qanunla bağlı 2023-cü il rəyini xatırladıb və bu qanunların Azərbaycanda siyasi plüralizmə və toplaşmaq azadlığından istifadəyə təsir göstərə biləcəyindən narahatlığını bildirib. Aİ Azərbaycanın islahatlarda əsas tərəfdaşıdır və mənalı islahatların aparılmasında Azərbaycana dəstək verməyə hazırdır. Aİ-nin hər zaman və istənilən şəraitdə ölüm hökmünə qarşı prinsipial mövqeyinə uyğun olaraq, biz Azərbaycanın ötən ilin mart ayında Avropa İnsan Hüquqları Konvensiyasına bütün hallarda ölüm hökmünü qadağan edən 13 saylı Protokolun imzalamasını alqışlayır və onun ratifikasiyasını səbrsizliklə gözləyirik. Aİ Azərbaycanın ATƏT ilə hər üç aspektdə müsbət əməkdaşlığını, təşkilatımızın və onun bütün strukturlarının səmərəli fəaliyyətini təmin etmək üçün zəruri qərarların təcili qəbul edilməsinə konstruktiv yanaşmanı və çevikliyi təşviq edir, xüsusilə də Vahid Büdcə və büdcə əlaqəli məsələlərdə”.

Bundan əlavə, Aİ cavab bəyanatında Dağlıq Qarabağ məsələsinə də toxunub.

Aİ bəyanatda mayın 14-də Brüsseldə tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını təsdiqləndiyi Aİ-nin rəhbərlik etdiyi sülh danışıqlarına Azərbaycan və Ermənistanın yenidən cəlb olunmasını səmimiyyətlə alqışladığını xatırladıb.

“İyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirdi. Biz danışıqlar və dialoqun Azərbaycan və Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmaq üçün yeganə yol olduğunu bir daha vurğulayırıq. Nəticə etibarı ilə, dialoqda davamlılıq və konkret nəticələr proses üçün həlledici əhəmiyyət kəsb edir və biz Bakının 21 iyulda Aİ-nin vasitəçiliyi ilə keçiriləcək növbəti iclasında iştirakını təqdir edirik və burada daha da irəliləyiş əldə olunmalıdır. Biz Azərbaycanı Dağlıq Qarabağdakı erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini qoruyan müsbət gündəm hazırlamağa çağırırıq. Mövcud vəziyyət narahatedicidir və mənfi humanitar təsir göstərir, çünki etnik erməni əhalisi əsas enerji və rabitə xidmətlərində dəfələrlə fasilələrlə üzləşib, atəşkəsin tez-tez pozulması xəbərləri isə onların rifahı ilə bağlı ciddi narahatlıq yaradır. Əgər bu belədirsə, biz Bakını sabit enerji təchizatını təmin etməklə və elektrik şəbəkəsində texniki xidmətin aparılmasına icazə verməklə, etnik erməni əhalisinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün konkret addımlar atmağa çağırırıq. Eyni zamanda, biz bütün tərəfləri düşmənçilik ritorikasından çəkinməyə və bunun əvəzinə etimad yaradan və sülh danışıqları üçün əlverişli mühit yaradan narrativi təbliğ etməyə çağırırıq. Xüsusilə, saxlanılanların azad edilməsi ilə bağlı əlavə etimad yaradıcı tədbirlər də həyata keçirilməlidir. Aİ minatəmizləmə fəaliyyətlərinə dəstək təklif etməyə davam edəcək və biz minalanmış ərazilərin müəyyən edilməsi üçün tərəflər arasında əməkdaşlığın vacibliyini vurğulayırıq. Sonda, nazir Bayramov, icazə verin, Aİ-nin regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz istiqamətində fəaliyyətini davam etdirmək öhdəliyini bir daha vurğulayım”, deyə bəyanatda qeyd edilir.

(Turan)

Bənzər yazılar

Back to top button