GündəmManşetSiyasət

Mənbələr: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü “yəqin ki, başqa tarixə təyin olunacaq”

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının növbəti raunduna hazırlıq bəzi çətinliklər olsa da, davam edir, Turan-ın Vaşinqton müxbiri diplomatik mənbələrə istinadən bildirib.

“Böyük ehtimal var ki, xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın qarşıdakı görüşü iyunun 12- də, hətta öncə nəzərdə tutulduğu kimi, gələn həftə də baş tutmasın”, – mənbə Turan-a bildirib.

“Söhbət ancaq vaxt və logistikadan gedir”, – mənbə dəyişikliyin səbəbləri haqqında daha ətraflı məlumat barədə xahişə cavab olaraq deyib. O əlavə edib ki, “yəqin ki, görüş təxirə salına bilər, amma əlbəttə ki, ləğv edilmir”.

Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə elan edib ki, nazirlər iyunun 12-də Vaşinqtonda görüşməyi planlaşdırırlar.

Azərbaycan və ABŞ rəsmi şəxsləri tarixi dəqiqləşdirmədən görüş faktını təsdiqləyiblər.

Çərşənbə günü Dövlət Departamenti vaxt ilə bağlı şərh verməyib.

Vaşinqtonun qarşıdakı görüşdən gözləntilərilə bağlı Turan-ın sualını cavablandıran mətbuat katibinin birinci müavini Vedant Patel gündəlik mətbuat brifinqi zamanı bunları söyləyib: “Əlbəttə ki, mən qrafik və ya mümkün tarixlər barədə hər hansı fikri təsdiqləmək və ya təklif irəli sürmək fikrində deyiləm, sadəcə, deyə bilərəm ki, əlbəttə ki, biz – bu həftənin əvvəlində dediyim kimi, – tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə can atmağa davam etdikləri üçün Vaşinqtonda danışıqların daha bir raundunun keçirilməsini səbirsizliklə gözləyirik”.

Sonra Patel əlavə edib: “Siz katibin (Blinken) və digərlərinin bu barədə danışdığını eşitmisiniz. Biz əvvəlkitək hesab edirik ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır”.

Bayramov və Mirzoyanın iki aydan az müddətdə ikinci dəfə sülh danışıqları üçün Vaşinqtona səfər edəcəyi gözlənilir.

(Turan)

Bənzər yazılar

Back to top button