Siyasət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Ermənistan Azərbaycanın ətraf mühitinə ziyan vurur

Azərbaycan Ekologiya Nazirliyi Ermənistanın ətraf mühitə ziyan vuran fəaliyyətini pisləyib. Əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəyanatında göstərilir ki, Ermənistan beynəlxalq ekoloji normaları pozaraq Bakı ilə razılaşdırılmadan Azərbaycan sərhədinin yaxınlığında iri metallurgiya müəssisəsi inşa edir.

Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan sosial şəbəkədəki səhifəsində Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun tikintisi barədə məlumat yayıb.

“Bu o deməkdir ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının ətraf mühitə təsirin transsərhəd kontekstində qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo konvensiyası) müddəalarını bir daha kobud şəkildə pozur”, – Azərbaycan Ekologiya Nazirliyinin bəyanatında bildirilir.

Belə ki, Espo konvensiyasının bəndlərinə əsasən, iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsir olduğu halda, bu, həmin dövlətlərlə razılaşdırılmalı və ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında sənəd hazırlanmalıdır.

Ermənistan Konvensiyaya tərəf olaraq, ətraf mühitə transsərhəd təsirlərin qiymətləndirilməsi prosedurunda Azərbaycanın və ictimaiyyətin əlaqədar ərazilərdə iştirakını təmin etməliydi.

“Bu, Ermənistanın beynəlxalq, o cümlədən ekoloji hüquq normalarına əməl etməməsilə bağlı ilk hal deyil. Bir müddət öncə Azərbaycan Espo konvensiyası çərçivəsində Metsamor AES ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə bağlı Ermənistana qarşı iddia qaldırıb və Ermənistanın Konvensiyanın müddəalarına əməl etməməsi barədə qərar qəbul edilib”, – Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd edir.

Ermənistanın mədən sənayesi də Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. “Ermənistanın iri mədən müəssisələrinin – Qacaran mis-molibden kombinatının və yüksək kimyəvi tərkibli Qafan mədən-zənginləşdirmə kombinatının istehsal çirkab suları uzun müddət Oxçuçay transsərhəd çayını intensiv şəkildə çirkləndirir. Bu faktlar göstərir ki, Ermənistanın bu cür qanunsuz hərəkətləri təkcə Azərbaycan üçün deyil, bütün regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib”, – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Nazirlik beynəlxalq birliyi Ermənistanın regionun ekoloji təhlükəsizliyinə xələl gətirən və beynəlxalq hüquq normalarına zidd olan hərəkətlərinə diqqət yetirməyə çağırıb.

Bənzər yazılar

Back to top button