CəmiyyətManşet

“Aran əhalisinin təmiz su imkanları sıfırdır”

Regionda ən keyfiyyətsiz içməli suyun Azərbaycanda olduğu bildirilir. Bununla bağlı məlumat Yel Universitetinin (ABŞ) hazırladığı “Dünyanın su xəritəsi” adlı hesabatda dərc olunub.

Hesabatda içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb və Azərbaycana 46.5 bal verilib. Suyun keyfiyyəti Ermənistanda 61.7, Rusiyada 55.8, Gürcüstanda 52.3, İranda 48.8, Türkiyədə 47 bal qiymətləndirilib.

Balakən rayonunda yaşayan Elman Mehtiyev (adı şərtidir) AzadlıqRadiosuna deyib ki, hər dəfə yağış yağandan sonra krandan su yox, palçıq gəlir: “Heç yağışa ehtiyac yoxdur. Evə birbaşa çaydan təmizlənməmiş su gəlir, yayda su qrafik üzrə verirlər”.

Dövlət Su Ehtiyatları Agentliyindən “Turan”a bildirilib ki, may ayından etibarən Azərbaycanda “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartı qüvvəyə minib: “Bu standart Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi tərəfindən təqdim olunan tövsiyələr, insan istehlakı üçün nəzərdə tutulmuş suyun keyfiyyətinə dair Avropa Parlamenti və Avropa Şurası Direktivi… nəzərə alınaraq tərtib olunub”.

Vurğulanıb ki, indiyə qədər ölkədə içməli suyun keyfiyyətinə nəzarət SSRİ dövrü qəbul olunmuş ГОСТ 2874-82 standartları əsasında aparılırdı.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin (İB) sədri İlqar Hüseynlinin AzadlıqRadiosuna deməsinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda suyun çirklənməsi daha çoxdur: “Azərbaycan o ölkələrdəndir ki, onun su təchizatının 70 faizi transsərhəd çayların hesabına formalaşır. Yəni, bu çaylar başqa ölkələrin ərazisindən keçərək çirklənir. Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantıları Araz çayına axıdılır. Amma Ermənistanda, Gürcüstanda su təchizatı dağ mənşəli daxili sulardan formalaşır. Bizdə bu mənşəli suların həcmi cəmi 30 faizdir”.

Ekspertin fikrincə, ikinci faktor daxili idarəetməyə bağlıdır: “Məsələn, Ceyranbatan su hövzəsindəki təmizləmə işləri alman şirkətləri tərəfindən həyata keçirilir. Amma orada tətbiq olunan qurğular tam olaraq dünya standartlarına cavab verirmi?”.

İ.Hüseynli deyir ki, Mərkəzi Aran bölgəsi bəzi hallarda Araz çayından götürülüb durulaşdırılmış sudan istifadə edir: “Demək olar ki, Azərbaycanda Mərkəzi Aran əhalisinin təmiz su imkanları sıfırdır, təmizlənmiş su verilmir. Hələ indi modul tipli qurğular quraşdırılıb. Həmin qurğuları biz yenə də xlorlaşdırırıq. Dünya artıq xlordan imtina edib, amma Azərbaycan bu gün xlorlu su içir”.

İB sədrinin sözlərinə görə, suya pul xərcləmək lazımdır, amma Azərbaycanda bu sahədə ortada korrupsiya var. O hesab edir ki, dəniz kənarında bəzi məmurlara məxsus villaların dəyərində Azərbaycanda 20 yerdə müasir standartlara uyğun su təmizləyici qurğular quraşdırmaq olar.

Bənzər yazılar

Back to top button