Siyasət

“Ölkədə vətəndaş cəmiyyəti, müstəqil media, QHT sektoru, siyasi partiyalar darmadağın edilib”

Baş Prokurorluğun Mətbuat Xidməti “Azadlıq” radiosunun iyunun 8-də 2014-cü ildə QHT-lərə qarşı açılmış cinayət işinə xitam verilməsi haqda yaydığı məlumatı təsdiqləyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, qeyd olunan cinayət iş üzrə bəzi qeyri-hökumət təşkilatları barədə cinayət təqibinə xitam verilib.

Mətbuat xidməti digər qeyri-hökumət təşkilatları barədə hazırda zəruri araşdırmalar davam etdirildiyini deyib:
“Nəticəsi barədə əlavə məlumat veriləcək”.

Ancaq Baş Prokurorluq araşdırmaların hansı QHT-lər barədə aparıldığını açıqlamayıb.

“Azadlıq” radiosuna danışan mənbənin sözlərinə görə, QHT-lərlə bağlı cinayət işində adıkeçən təşkilatların rəhbərləri bu günlərdə İstintaq İdarəsinə çağırılıb:

“Onlar da artıq cinayət işinə xitam verilməsi haqda məlumatlandırılıb”.

Vəkil Elçin Sadıqov bildirib ki, 2014-cü ildə iki təşkilatın müdafiəçini həyata keçirib:

“2020-ci ildə həmin təşkilatlardan biri ilə bağlı cinayət işinə xitam verilmişdi, sadəcə, indi təşkilatın adını çəkmək istəmirəm. Amma Açıq Cəmiyyət İnstitutu Yardım Fonduna qarşı açılan cinayət işinə xitam verilməmişdi, indi də davam edir. Bu təşkilatın bank hesablarına, əmlakına həbs qoyulub və Avropa Məhkəməsinə şikayət də edilib”.
E.Sadıqov hesab edir ki, əgər cinayət işlərinə xitam verilirsə, müsbət haldır:

“Amma məndə olan məlumata görə, Açıq Cəmiyyət İnstitutu Yardım Fonduna qarşı cinayət işi davam edir”.

Vəkilin sözlərinə görə, 2014-cü ildə xeyli QHT və donor təşkilatlar cinayət işinə cəlb olunmuşdu:
“Demək olar ki, bu cinayət işi müstəqil QHT-lərə qarşı təqib kimi istifadə olunurdu. Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla Yunus həbs edildi, sonradan bu cinayət işindən Xədicə İsmayılın işi ayrıldı. Yaxud bu cinayət işinə görə Əziz Orucov həbs edildi”.

Hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu İntiqam Əliyev deyib ki, onu nə prokurorluğa çağırıblar, nə də cinayət işinə xitam verilməsi barədə ərizə yazmaq təklifini alıb:

“Düz də edirlər, çünki kimsəyə xahişlə müraciət etmək fikrim yoxdur”.

İ.Əliyev xatırladıb ki, Avropa Məhkəməsi həbsinin siyasi motivli olması, təşkilatı barəsində qaldırılan cinayət işlərinin də saxta olması barədə qərar verib:

“Həmin qərarların icrasından doğan fərdi və ümumi xarakterli tədbirləri görmək hökumətin vəzifəsidir. İnsanları qanunsuz olaraq həbsə atasan, illərlə ölkədən çıxışına qadağan qoyasan, ofisini, hesablarını bağlı saxlayasan, barəsində yalan və böhtanları tirajlayasan, indi də, deyəsən, gəl xahiş elə, mənə minnətçi düş”.

“Guya, cinayət işinə xitam veriləndə nə dəyişəcək ki?! Ölkədə vətəndaş cəmiyyəti – müstəqil media, QHT sektoru, siyasi partiyalar darmadağın edilib. Hakimiyyətin atdığı bütün addımlar da onu göstərir ki, qorxuda, satına ala bilmədiyi vətəndaş cəmiyyətini özünə düşmən görür. 5-6 QHT-nin barəsində, özü də məcburiyyət qarşısında, cinayət işinə xitam verilməsi nə xoş niyyətdən xəbər verir, nə də hökumətin mahiyyətinin dəyişməsindən. Bu cür şeylər “islahat”, “dialoq” nağılları üçün ona gərəkdir ki, beynəlxalq qurumlarla korlanmış münasibətlərini bərpa edə bilsin, ölkədə insan hüquqlarının kobud pozuntularına göz yummaqda davam etsinlər, onlardan pul qopara bilsin”, – deyə Əliyev əlavə edib.

Hüquq müdafiəçisi bildirib ki, Bəxtiyar Hacıyevin yaxınlarının, dostlarının evində evində aparılan axtarışlar hökumətin xislətinin dəyişmədiyini göstərib:

“Hökumət vətəndaş cəmiyyətini özü üçün təhlükə sayır və istənilən vaxt 2014-cü ilin yenidən qayıtma ehtimalı qalır. Qanunsuz sahibkarlıq, vergidən yayınma, dələduzluq, vəzifə-səlahiyyətlərindən istifadə kimi ittihamlar “xidmət” müqavilələri əsasında səfirliklərdən maliyyə dəstəyi alıb fəaliyyət göstərən təşkilatların hər birinin üstünü ala bilər. Onların çoxu gənclər tərəfindən yaradılıb, müxtəlif sahələrdə (ekologiya, əmək hüquqları, qadın haqları, hüquq yardımı, maarifçilik və s.) fəaliyyət göstərirlər. Əsasən yeni, tənqidi fikirli, kreativ gənclərin cəlb edildiyi bu qurumlar çox faydalı işlər görürlər, sektorda canlanma yaradıblar, yeni nəfəs gətiriblər. Bu təşkilatların çoxunun dövlət qeydiyyatı yoxdur, çünki ölkədə QHT-lərin qeydiyyatı problem olaraq qalır. Amma Azərbaycan qanunveciliyi ictimai qurumlara qeydiyyatsız fəaliyyəti də qadağan etmir. Onlar Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumlar, səfirliklərlə bağladıqları xidmət müqavilələri əsasında bu fəalliyyəti göstərirlər”.

“Qanunvericilik bu cür fəaliyyətləri qadağan etməyib. Çoxu vergi orqanlarında qeydiyyata alınıb, vergiləri vaxtlı-vaxtında ödəyirlər. Hələ ki elə ciddi problemləri də yaranmayıb. Kimsə onlara bu cür fəaliyyətin qanunsuzluğunu irad tutmur, hədələmir. Görünən odur ki, hökumətlə bu barədə razılıq əldə edilib. Amma hakimiyyətimizin mahiyyətinə az-çox bələd olanlar bilirlər ki, hökumətin tənqidçisi olub da, bu cür fəaliyyətlərlə məşğul olan hər kəs potensial qurbandır”, – deyə İntiqam Əliyev qeyd edib.

Bənzər yazılar

Back to top button