Dünya

ABŞ: İran pilotsuz uçuş aparatları istehsalı zavodunun tikintisində Rusiyaya kömək edir

Cümə günü ABŞ İranın Rusiyaya yüzlərlə pilotsuz təyyarə göndərdiyini və Moskvanın yaxınlığında gələn ilin əvvəlinə qədər tam istismara verilə biləcək pilotsuz təyyarə istehsalı zavodunun tikintisinə necə kömək etdiyini göstərən kəşfiyyat məlumatlarını açıqlayıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Bu, Ukraynaya, İranın qonşularına və beynəlxalq birliyə zərər verən tammiqyaslı müdafiə tərəfdaşlığıdır”, – cümə günü səhər Milli Təhlükəsizlik Şurasının üzvü Jon Kirbi bildirib. Onun sözlərinə görə, ötən ilin yayından Moskva İrandan yüzlərlə pilotsuz təyyarə alıb və Ukrayna müharibəsində onlardan fəal istifadə edir.

Vaşinqton hesab edir ki, İran zavod üçün avadanlıq, eləcə də tam yığılmış pilotsuz təyyarələri Xəzər dənizi vasitəsilə Rusiyaya tədarük edir. Bir şəkildə pilotsuz təyyarələrin İranın Əmirabad şəhərindən Xəzər marşrutu ilə Mahaçqalaya necə çatdırıldığı və daha sonra Rusiyadakı iki aviabazaya göndərildiyi göstərilir. ABŞ rəsmi şəxsləri hesab edirlər ki, İran “qaranlıq” gəmilərdən istifadə edir və ya öz hərəkətlərini gizlətmək üçün izləmə məlumatlarını söndürüb.

Digər rəsmdə aprelin 3-də çəkilmiş peyk şəkilləri var ki, bu da Rusiyanın “Alabuqa” xüsusi iqtisadi zonasında pilotsuz təyyarə zavodunun planlaşdırılan yerini göstərir, bu, gələn ilin əvvəlində tam istifadəyə verilə bilər.

Kirbi deyib ki, Bayden administrasiyası iki ölkənin irimiqyaslı müdafiə tərəfdaşlığını “ifşa etmək və pozmaq” üçün bu informasiyanı ictimaiyyətə açıqlayır. “Biz bu fəaliyyəti ifşa etmək və qarşısını almaq, o cümlədən məlumatı ictimaiyyətlə bölüşmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edirik və daha çox şey etməyə hazırıq”, – o əlavə edib.

Cümə günü günorta Ağ Evin bəyanatından sonra Dövlət Departamenti Pentaqon, eləcə də Maliyyə Nazirliyi və Ticarət Nazirliyi ilə birlikdə İranın satınalmaları və inkişafı, pilotsuz təyyarələrin yayılması ilə bağlı təhlükə barədə beynəlxalq birliyi, özəl sektoru və ictimaiyyəti xəbərdar etmək üçün tövsiyələri açıqlayıblar.

İnformasiya bülleteni özəl sektora pilotsuz uçuş aparatları ilə əlaqədar əsas komponentlər, İranın pilotsuz uçan aparatlarının alınması, istehsalı və paylanması ilə məşğul olan təşkilatlar barədə məlumat verir, Dövlət Departamenti bildirib.

Məlumatda həmçinin bütün təchizat zənciri boyunca tətbiq olunan hüquqi tələblərin yerinə yetirilməsinin təmin edilməsi və İranın pilotsuz uçuş aparalarının iştirakının qarşısının alınması üçün ixracatçılara, istehsalçılara, distribyutorlara və xüsusən İranın pilotsuz uçuş aparatları ilə əlaqəli fəaliyyətinə dair effektiv kompleks yoxlama və daimi nəzarətin aparılması üzrə maliyyə qurumlarına tövsiyələr yer alıb.

“Rusiya İran istehsalı olan pilotsuz uçuş aparatlarından Ukraynada mülki əhaliyə və mülki infrastruktura hücumlarda istifadə etməyə davam edir. Bu bülleten ABŞ-ın pilotsuz uçuş aparatlarınının İrandan Rusiyaya ötürülməsini pozmaq və gecikdirmək üzərində iş aparmasına daha bir nümunədir”, – Dövlət Departamentinin məlumatında deyilir.

Tövsiyələrə burada baxmaq olar:

https://www.state.gov/guidance-to-industry-on-irans-uav-related-activities/

Bənzər yazılar

Back to top button