Digər

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq əlavə yardım elan edib

Cümə günü Bayden administrasiyası Ukrayna üçün təhlükəsizlik sahəsində 2,1 milyard dollarlıq daha bir yardım paketi elan edib. Administrasiya bildirib ki, bu, ukraynalılara Rusiyanın raket hücumlarından qorunmağa kömək etmək üçün ” hava hücumundan müdafiə vasitələri və döyüş sursatları”nı nəzərdə tutur, Turan-ın Vaşinqton müxbiri bildirib.

Son paketə hava hücumundan müdafiə sistemləri və HAWK raketləri, həmçinin “Patriot” raket əleyhinə müdafiə sistemləri üçün əlavə döyüş sursatları daxildir. Kiyev həmçinin “Puma” müşahidə- kəşfiyyat dronları, daha çox artilleriya mərmiləri, təlim və xidmət üçün əlavə dəstək alacaq.

“Birləşmiş Ştatlar Ukraynanın savaş meydanında ehtiyaclarının təmin olunması və təhlükəsizlik sahəsində uzunmüddətli ehtiyaclarının ödənilməsi üçün ona imkanlar təqdim etməkdən ötrü öz müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək”, – Pentaqonun cümə günü məlumatında deyilir.

Yeni paketin elan edilməsilə ABŞ Bayden administrasiyası idarəçiliyinin başlanmasından bəri Ukraynaya təhlükəsizlik sahəsində 40,4 milyard dollardan çox, o cümlədən ötən ilin fevralında müharibə başlayandan bəri 39,7 milyard dollardan çox yardım göstərib.

Bənzər yazılar

Back to top button