Siyasət

AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi İbadoğluna azadlıq tələb etdi

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) siyasi məhbuslar məsələsi üzrə baş məruzəçisi Sunna Evarsdottir (İslandiya) azərbaycanlı alim, Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu dərhal azadlığa buraxmağa çağırıb.

Bu barədə Avropa Şurasının saytında məlumat dərc olunub.

“Cənab İbadoğlu müstəqil iqtisadçı, siyasətçi və Azərbaycan hökumətinin tənqidçisidir. Onun akademik tədqiqatlarının bir hissəsi Azərbaycanın dövlət qurumlarında korrupsiyaya yönəlib. Qeyd edək ki, 2023-cü ilin iyununda cənab İbadoğlu azərbaycanlı gənclərin təhsili üçün fond yaradıb və bu fondun korrupsiyada iştirak etdiyi iddia edilən elitalardan müsadirə edilmiş ianələr və xarici aktivlər hesabına maliyyələşdiriləcəyini deyib”, – deyə Evarsdottir qeyd edib.

O bildirib ki, İbadoğlunun iyulun 23-də qəddarcasına həbs olunması ionu “şoka salıb”.

“O, “mütəşəkkil qrup tərəfindən saxta pul hazırlamaq, əldə etmək və ya satmaq” maddəsi ilə ittiham olunub və günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir.

Mən narahatam ki, ona qarşı ittihamlar onun aktiv fəaliyyəti ilə bağlıdır və siyasi motivlidir”, – AŞ PA məruzəçisi qeyd edib.

Onun sözlərinə görə, İbadoğlunun saxlanma şəraiti də ciddi narahatlıq doğurur.

“İbadoğlunun bu yaxınlarda ürəyindən əməliyyat olunmasına və çoxsaylı xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, onun pəhriz qidalarına çıxış imkanlarının məhdud olduğu və sürətlə arıqladığı bildirilir. Mən də onun həkimə müraciət edə bilməməsindən çox narahatam”.

O, Azərbaycan hakimiyyətini İbadoğlunu humanist saxlama şəraiti, o cümlədən adekvat qida və tibbi xidmətlə təmin etməyə çağırıb.

“Mən Azərbaycan hökumətini siyasi motivli ittihamları ləğv etmək və onun dərhal azadlığa buraxılmasına nail olmaq üçün bütün lazımi addımları atmağa çağırıram”, – AŞPA-nın baş məruzəçisi vurğulayıb.

Bənzər yazılar

Back to top button