İrəvandakı mer seçkilərinin nəticəsi – Paşinyanın “Pirr qələbəsi”…

Dünən İrəvanda keçirilən mer seçkilərinin nəticəsi açıqlanıb.
Ekonominfo.az xəbər verir ki, seçkilərdə 14 siyasi partiya və bir siyasi blok iştirak edib.
Seçkinin nəticələrinə görə ən çox səsi baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyası alıb. “Mülki Müqavilə” partiyası seçicilərin 32,57% səsini ala bilib.
Ermənistan qanunvericiliyinə görə seçkilərdə ən çox səs toplayan partiyanın namizədi İrəvan meri olacaq. “Mülki Müqavilə” partiyasının siyahısına başçılıq edən Tiqran Avinyan İrəvanın yeni meri olacaq. Tiqran Avinyan 2018-2021-ci illərdə baş nazirin müavini olub.
Məlumat üçün bildirək ki, bundan əvvəlki – 2018-ci ildə keçirilən mer seçkilərində “Mülki Müqavilə” partiyası seçicilərin 81%-nin səsini ala bilib.
Nəticələrdən də göründüyü kimi son 5 ildə paytaxt seçicilərinin baş nazir Nikol Paşinyanın partiyasına olan etimadı azalıb.
Seçkilərdə ən çox səs toplayan 2-ci partiya “Milli Tərəqqi” partiyası olub. Seçicilərin 18,89%-nin səsini toplayan “Milli Tərəqqi” partiyası 2018-ci ildə yaranıb. Avropaya inteqrasiyanın tərəfdarı kimi tanınan partiyanın merliyə namziədi İrəvanın keçmiş meri Hayk Marutyan olub. Hayk Marutyan daha əvvəl baş nazir Nikol Paşinyanın partiyasında olub və 2018-ci ildə keçirilən mer seçkilərində 81% səslə mer seçilib. Hayk Marutyanın üzv olduğu “Milli Tərəqqi” partiyası “Mülki Müqavilə” partiyasından fərqli olaraq Qarabağın Ermənistana birləşdirilməsinin tərəfdarı kimi tanınır.
Seçkinin nəticələrinə görə 3-cü sırada müxalifəti təmsil edən “Ana Ermənistan” bloku yer alıb. “Ana Ermənistan” bloku seçicilərin 15,43%-nin səsini toplayıb. Blokun merliyə namizədi keçmiş deputat Andranik Tevanyan olub. “Ana Ermənistan” blokunda Rusiyaya yaxınlığı ilə bilinən siyasi qüvvələr təmsil olunur.
4-cü sırada “Respublika” partiyası yer alıb. Bu partiya seçicilərin 11,32% səsini toplayıb. “Respublika” partiyasının sədri Aram Sarkisyan 1999-cu ilin 27 oktyabrnda Ermənistan parlamentində baş verən terror aktı zamanı öldürülən baş nazir Vazgen Sarkisyanın qardaşıdır. Elə qardaşının ölümündən sonra qısa bir müddət (1 noyabr 1999 – 30 aprel 2000) Ermənistanın Baş naziri də olub. Qardaşı Vazgen Sarkisyan Ermənistan ordusunun qurucularından hesab olunur. Ermənistanın azsaylı Milli qəhrəmanlarından biri də Vazgen Sarkisyandır. Aram Sarkisyan anti-Rusiya mövqeyi ilə tanınan siyasətçidir.
5-ci sırda yer alan “İctimai səs” partiyası seçicilərin 9,68% səsini toplayıb. Bu partiya 2022-ci ildə təsis olunub. “İctimai səs” partiyası Qarabağın Ermənistana birləşdirilməsi tərəfdarı kimi tanınır.
Digər partiyaların topladıqları səslər isə 3%-dən aşağı olub.