GündəmSiyasət

Qarabağda son hərbi əməliyyatların Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında müzakirəsi hər hansı sənəd qəbul edilmədən başa çatıb

Ötən gün Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclasında Qarabağda son hərbi əməliyyatlar və regionda humanitar vəziyyət müzakirə olunub.

Çıxış edən nümayəndələrin əksəriyyəti son hərbi əməliyyatın sülh prosesinə ziyan vuracağından və yerli əhalinin humanitar vəziyyətini pisləşdirəcəyindən narahatlığını ifadə edib.

ABŞ nümayəndəsi Linda Tomas-Qrinfild öz ölkəsinin Qarabağda hərbi əməliyyatların davam etməsindən narahat olduğunu bildirib və bu addımları dərhal dayandırmağa çağırıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Böhranın yeganə həlli zorakılığa son qoyulması və davamlı sülhə nail olunmasıdır. Biz Dağlıq Qarabağ sakinlərinin haqlarının və təhlükəsizliyinin Azərbaycanın ictimai bəyanatlarına müvafiq olaraq qorunmasına əminliyin olması üçün beynəlxalq missiyanın əhəmiyyətini vurğulayırıq,” -Tomas-Qrinfild deyib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyat beynəlxalq hüquqa və 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli sazişə ziddir.

“Bu hücumun intensivliyi və ağırlığı bir şeyi aydın edir – Azərbaycanın niyyəti Dağlıq Qarabağın erməni sakinlərinin etnik təmizləməsini yekunlaşdırmaqdır”, – o deyib.

Mirzoyan 200-dən çox adamın öldüyünü, 400-dən çox adamın yaralandığını bildirib.

“Bu rəqəmlərə mülki əhali, qadınlar, uşaqlar da daxildir. Uşaqlar, qadınlar və yaşlı adamlar da daxil olmaqla, 10 mindən çox insan evini tərk etməyə və qidasız şəkildə açıq havada qalmağa məcbur olub”, – Mirzoyan qeyd edib.

Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın bu müzakirələrə təşəbbüs etməsinin əsassız olduğunu bildirib.

« Ermənistanın müraciəti Azərbaycanın öz suveren ərazisində lokal antiterror tədbirlərilə bağlıdır və bu tədbirlər beynəlxalq hüquqa tam uyğundur. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasını çağırması, Birləşmiş Millətlər Təşkilatının nizamnəməsinə ziddir”, – Azərbaycan xarici işlər naziri bildirib.

Hərbi əməliyyatın artıq dayandırıldığını vurğulayan Bayramov əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı Təhlüksəzlik Şurasının brifinqi keçirilən gün rəsmi Bakı artıq Qarabağın erməni sakinlərilə Azərbaycana reinterqasiya dialoqu çərçivəsində ilk görüşünü keçirib və erməni sakinlərə humanitar dəstək mərkəzi hökümət tərəfindən tezliklə həyata keçiriləcək.

O, Ermənistan xarici işlər nazirinin Azərbaycanın üçtərəfli sazişi pozması ilə bağlı ittihamlarını rədd edib: “Əksinə, bu sazişi pozan ərazidə qoşunlar saxlayan Ermənistandır. Heç bir suveren dövlət öz torpağında bu cür ağır hərbi mövcudluğa göz yummazdı, Azərbaycan da istisna deyil”.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan bərabər və qarşılıqlı hörmət əsasında həqiqi dialoqa və danışıqlara sadiqdir. “Bununla yanaşı Azərbaycan ölkənin Qarabağ regionunun etnik erməni sakinlərinə öz konstitusiyasında və müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində qeyd edilən bütün hüquqlar və azadlıqlara zəmanət verir”, – Bayramov qeyd edib.

Bayramovun çıxışı zamanı Mirxoyan demarş etməyə cəhd edib və nümayişkaranə şəkildə zalı tərk edib. Ancaq iştirakçılardan heç biri onun ardınca getməyib.

Fransanın xarici işlər naziri Katrin Kolonna Azərbaycanı ” Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini pozmaqda” ittiham edib.

Fransalı diplomat qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu və onun ərazi bütövlüyünü heç kim şübhə altına almır. Eyni zamanda, o deyib ki, Paris Azərbaycan hakimiyyətinin hərəkətlərini “qəbuledilməz” hesab edir.

Onun fikrincə, Azərbaycan hakimiyyəti elə indicə Qarabağ ermənilərinə “nəzərəçarpacaq zəmanətlər verməlidir”, “güc tətbiqi və ya təhdiddən çəkinməlidir”, “atəşkəsə razı olanlara amnistiya təmin etməlidir”, həmçinin “Laçın dəhlizi vasitəsilə hərəkəti dərhal və ilkin şərt olmadan bərpa etməlidir”.

Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Cozep Borrell öz çıxışına Qarabağ ermənilərilə həmrəyliyini ifadə etməklə başlayıb və əlavə edib ki, mübahisələrin həlli üçün gücdən istifadə qəbuledilməzdir.

“Mən aydın şəkildə bildirmək istəyirəm ki, Avropa İttifaqı həm Azərbaycanın, həm də Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və biz hər kəsdən eyni mövqeni gözləyirik. Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının bərpasına çağırırıq və bu dialoqda dəstəyimizi davam etdirməyə sadiq olduğumuzu bildiririk”, – Borrell bildirib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanı (tədbirə qonaq iştirakçı kimi qatılıb) öz çıxışında Azərbaycanı qınayıb. O, münaqişə tərəflərini Avropa İttifaqının vasitəçiliyilə danışıqlara qayıtmağa çağırıb.

“Azərbaycanın öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün Qarabağda qanunsuz silahlı birləşmələrə qarşı antiterror tədbirləri keçirməkdən başqa çarəsi yox idi”, – Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Burak Akçapar bildirib.

“Biz Ermənistanın öz vədlərini, xüsusilə də Zəngəzur dəhlizinin açılması ilə bağlı vədlərini yerinə yetirəcəyini gözləyirik. Türkiyə əvvəldən iki ölkə arasında sülh prosesini dəstəkləyir, buna görə də Ermənistanla münasibətlərin normallaşması prosesinə başlayıb”, – o əlavə edib.

Çinin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsinin müavini Gen Şuan bildirib ki, Azərbaycan və Ermənistan arasında mübahisə beynəlxalq münasibətlərin norma və prinsipləri əsasında həll olunmalıdır.

Rusiya Federasiyasının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsinin birinci müavini Dmitri Polyanski qeyd edib ki, “Rusiya sülhməramlı kontingentinin fəal vasitəçiliyilə sentyabrın 20-də saat 13:00-dan hərbi əməliyyatların tamamilə dayandırılması və sentyabrın 21-də Dağlıq Qarabağın erməni əhalisinin nümayəndələrilə Azərbaycan Respublikası mərkəzi hakimiyyət nümayəndələri arasında danışıqların başlanması barədə razılıq əldə edilib”.

“Ümid edirik ki, Bakı və Stepanakert/Xankəndi nümayəndələrinin əlaqələri effektli olacaq, regionda humanitar böhranın aradan qaldırılması və Qarabağ əhalisinin sabit həyat fəaliyyətinin təmin edilməsi üzrə tədbirlərin dərhal başlanmasına imkan verəcək. Buna hər cür töhfə verəcəyik.

Qarabağlıların Azərbaycanın hüquq sahəsinə mərhələli inteqrasiyasının “yol xəritəsi” onların hüquq və təhlükəsizliyinin möhkəm təminatı ilə hazırlanmalıdır. Bu prosesləri Rusiya sülhməramlı kontingenti xətti boyunca fəal şəkildə müşayiət edəcəyik. Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları mühüm əhəmiyyət daşıyır”, – Dmitri Polyanski deyib.

Müzakirələr hər hansı sənəd, hətta sədrlik edənin bəyanatı qəbul edilmədən başa çatıb.

Bənzər yazılar

Back to top button