Siyasət

Ekspert: Azərbaycanda ordu quruculuğu başdan-ayağa səhv istiqamətdə aparılır

Prezident İlham Əliyevin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sentyabrın 6-da imzaladığı fərmana əsasən, 2024-cü il iyulun 1-dən etibarən Azərbaycanda vətəndaşların hərbi xidmətə yararlı olub-olmamasını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müəyyənləşdirəcək.

Bu dəyişiklik bu sahədəki neqativ halları aradan qaldıracaqmı?

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri, hərbi təhlilçi Cəsur Məmmədov (Sümərinli) mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

* * *

Sual: Cəsur bəy, Prezident İlham Əliyevin imzaladığı “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmana əsasən, 2024-cü il iyulun 1-dən etibarən Azərbaycanda vətəndaşların hərbi xidmətə yararlı olub-olmamasını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müəyyənləşdirəcək. Sizcə, bu addım nəyə görə atılıb? Buna zərurət var idimi?

Cavab: Hesab edirəm ki, hərbi siyasəti müdafiə və təhlükəsizlik sektoruna aid strukturların inhisarından çıxarılması baxımından bu fərman diqqətçəkəndir. Nəzərə almaq lazımdır ki, Çağırış Xidmətində korrupsiyanın və digər neqativ halların olmasının əsas səbəblərindən biri məhz qurumun hərbi xarakter daşıması və bu səbəbdən maksimum qapalı saxlanılmasıdır. Yəni Çağırış Xidmətində təmsil olunan şəxslər bir çox hallarda qanunun onlara verdiyi qapalılıq xüsusiyyətindən istifadə edərək qapılarının media və vətəndaş cəmiyyətinin üzərinə bağlayıblar. Misal üçün, bizim çağırışçıların hərbi xidmətə çağırılması prosesində ortaya çıxan qeyri-qanuni hallarla bağı göndərdiyimiz bir çox sorğulara „hərbi sirr“ deyərək cavab verməyiblər. İndi müəyyən vacib bir funksiyanın Xidmətdən alınması və Nazirliyə verilməsi bir sıra ümidlər yaradır ki, media və vətəndaş cəmiyyəti çağırış prosesinə, xüsusilə də onun diqqətçəkən və ağrılı yeri olan „yararlılıq“ məsələsinə müəyyən qədər nəzarət edə biləcək. Bu, isə hərbi xidmətə çağırış prosesində olan xeyli saylı problemlərin qarşısının alınması istiqamətində müəyyən addımların atılması ilə nəticələnə bilər. Buna açığı inanmaq çətindir, amma müəyyən dövrdən sonra nəsə baş verəcəksə, yəqin ki, bunu müşahidə edə biləcəyik.

Sual: Ölkənin təhlükəsizliyi, müdafiəsi ilə bağlı olan məsələ ilk dəfədir tamam fərqli quruma həvalə olunur. Dünyada belə bir təcrübə varmı?

Cavab: Çağırışçıların hərbi xidmətə yararlı olub-olmamasını aydınlaşdıran prosesin qapalı saxlanılması indiyədək bizə yalnız ziyan gətirib. Vəzifəlilərin, imkanlıların övladları hərbi xidmətdən möhlət hüququ alıblar, kasıbların uşaqları, xəstə çağırışçılar hərbi xidmətə yararlı hesab edilərək cəbhə xəttinə göndəriliblər. Xüsusilə də ailənin yeganə oğullarının (bəzən övladının) hərbi xidmətə göndərilməsi, hansısa vəzifəli şəxsin övladının möhlət hüququ alması və ya xəstə elan olunaraq hərbi xidmətdən çağırılması cəmiyyətdə haqlı narazılıq yaradırdı. Ona görə, baş verən dəyişikliyi vacib hesab edirəm, amma nəticələri barədə nəsə söyləmək hələ çox tezdir.

Əlbəttə ki, dünyada oxşar təcrübə var. NATO ölkələrində, eyni zamanda bir sıra ölkələrdə, misal üçün, Gürcüstanda orduya çağırış prosesi açıq proses hesab olunur və bu prosesdə media və QHT-lərin araşdırmaları üçün hər hansı məhdudiyyət qoyulmur. Parlamentin bu prosesə müdaxiləsi yolunda hər hansı maneə yoxdur. Bu ölkələrdə ümumi fəlsəfə ondan ibarətdir ki, orduya vətəndaş nəzarəti tətbiq edilsin.

Sual: Son vaxtlar əlillər, qazilər ƏƏSMN-dən xeyli narazılıq edirlər. İndi hərbi xidmətə yararlılığın da bu quruma həvalə olunması nədən xəbər verir? Sizcə, bu narazılıqlar daha da artmayacaq?

Cavab: Narazılıqların artması gözləniləndir. Amma prosesə cəmiyyətin müdaxiləsi, faktların aşkarlanması prosesi asanlaşacaq. Bu, olduqca əhəmiyyətlidir və əlbəttə ki, daha çox faktların ortaya çıxmasına və narazılığın yaranmasına səbəb olacaq. Çağırış xidmətində isə narazılıq etmək o qədər də asan deyildi, ortaya faktların çıxarılması demək olar ki, mümkünsüz idi. Pul verib qarşılığında hərbi xidmətə çağırılmamaq və ya yaxşı hərbi hissəyə düşmək kimi hallların olması cəmiyyətə bəlli idi, amma onları fakt kimi ortaya çıxarmaq çətin idi. İndi prosesin Nazirliyə həvalə olunması məsələni bir qədər asanlaşdırıacaq, ən azından prosesin üzərində möhkəm hərbi sirr qadağası olmayacaq.

Sual: Düzdür, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən də narazılıqlar var idi. Amma dediyim kimi hərbi məsələnin başqa profilli bir quruma tapşırılması çıxış yoludurmu?

Cavab: Bunun çıxış yolu olub-olmadığı barədə hər hansı qərara gəlmək çətindir. Amma indiki şəraitdə başqa alternativlər üzərində də düşünmək asan deyil. Bilirsiniz, Azərbaycanda ordu sisteminin tamamilə dəyişilməsinə ehtiyac var. Ölkədə müqaviləli, peşəkar ordu qurulmalıdır və bu sistemə uyğun işə cəlbetmə mərkəzləri yaradılmalıdır. Yalnız belə olduğu təqdirdə ordu sistemindən korrupsiya və rüşvətxorluğun aradan qaldırılması ilə bağlı ümidverici gözləntiləri bölüşmək olardı. İndiki şəraitdə isə hər hansı fərqli fikir və ya təklif irəli sürmək olduqca çətindir. Çünki, ordu quruculuğunun özü başdan ayağa səhv istiqamətdə aparılır.

Sual: Sizcə, hərbi xidmətə yararlılıq, çağırış məsələsi necə tənzimlənməlidir ki, orada kimlərinsə haqqı pozulmasın, rüşvət halları və qanun pozuntuları olmasın? Siz nə təklif edərdiniz?

Cavab: Qeyd etdiyim kimi, yeni ordu qurulmalıdır. Müdafiə və təhlükəsizlik sektoru tamamilə yenilənməlidir. Hüquq-mühafizə tərkibi bir yana, hərbi tərkib isə digər yana cəmlənməlidir. İndi bizdə 10-dan artıq hərbi qurum var və onlarda 300 min nəfərdən artıq hərbçi xidmət edir. Bu qədər heyətə ehtiyacımız varmı? Düşünürəm ki, xeyr. Bu qurumlarlın ixtisarı və eyni zamanda birləşdirilməsi vacibdir. Misal üçün, DİN-ə aid olan Daxili Qoşunların hərbi tərkibi Müdafiə Nazirliyinə verilməlidir. FHN-nin hərbi tərkibi də MN-ə birləşdirilməlidir. O cümlədən DSX-nın hərbi tərkibinin əhəmiyyətli hissəsi MN-in tərkibində fəaliyyət göstərməlidir. Belə qurumların sayı çoxdur. Hesab eidrəm ki, Azərbaycana maksimum 70 min nəfərlik xüsusi təlim görmüş hərbi heyət lazımdır. Digər lazım olan hissə isə səfərbərlik ehtiyatından ibarət olmalıdır – burada söhbət 300-500 min nəfərdən gedə bilər.

Orduda hüquqların pozulmasının qarşısının alınması, rüşvət və korrupsiya hallarının aradan qaldırılması üçün ölkə rəhbərliyinin siyasi iradəsi ortaya qoyulmalıdır. Şəffaflıq və hesabatlılıq olmalıdır. İstər cəmiyyət, istərsə də parlament qarşısında. Çoxsaylı əsgər ölümlərinə aydınlıq gətirilmılidir. Tenderlər, ordunun təchizatı şəffaf və qanunauyğun olmalıdır. Media və QHT-lərin ordu ilə bağlı fəaliyyətinə imkan yaradılmalıdır. Hərbi hissələrdə hərbi qulluqçuların təminatı, onların psixoloji durumları xüsusi diqqət mərkəzində olmalıdır… Xeyli sayda təklifləri sadalamaq olar. Bunların bir hissəsinin həyata keçirilməsinə başlanılsa, o zaman mövcud problemlərin aradan qaldırılması istiqamətində kimlərinsə addımlar atdığını düşünmək olar. Amma hazırda hər hansı dəyişiklik müşahidə olunmur.

Bənzər yazılar

Back to top button