Azərbaycanda ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib
![](https://aztoday.az/wp-content/uploads/2023/02/azc999rbaycanda-agir-cinayc999tlc999r-torc999tmis-47-qrup-zc999rc999rsizlc999sdirilib.jpg)
“Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib”.
AzToday.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) 2018-ci ilin birinci yarısına həsr olunmuş kollegiya iclasında nazirin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov hesabat məruzəsində bildirib.
O qeyd edib ki, ilin ilk 6 ayı ərzində 9413 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 246 hadisə aşkarlanıb, axtarışda olan 52 avtomobil saxlanılıb.
Məruzəçi bildirib ki, altı ayda mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 441, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib.
Bundan başqa, 105 insan alveri cinayətinin müəyyən olunduğu, 18 nəfərdən ibarət 8 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 17 nəfərin məhkəmə məsuliyyətinə cəlb olunduğu, habelə insan alverinin qurbanı olmuş 66 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edildiyi diqqətə çatdırılıb.