GündəmManşetSiyasət

“Azərbaycan gec və ya tez etnik təmizləmədə ittiham olunacaq”

Azərbaycanın Qarabağda apardığı lokal hərbi əməliyyatlardan sonra hər gün həmin bölgədə yaşayan ermənilərin bölgəni tərk etdikləri ilə bağlı statistika açıqlanır. Ermənistanın rəsmi mənbələrinə inansaq, Qarabağda 44 günlük müharibədən sonra 120 min erməni yaşayırdı. Azərbaycan rəsmiləri isə müxtəlif zamanlarda Qarabağın dağlıq hissəsində 25-40 min arasında erməninin olması barədə bəyanatlar səsləndirirdilər.

Separatçılar yerli sakinləri panikaya düşməməyə, yollarda tıxac yaratmamağa çağırırlar bildirirlər.

Qarabağı tərk etmə prosesinə vaxt məhdudiyyəti qoyulmayacağı və bütün arzu edənlərin Qarabağı tərk edə biləcəyi bildirilir.

Azərbaycan tərəfi Qarabağ ermənilərinin reinteqarsiyasını təklif edir. Qarabağ erməniləri isə kütləvi sürətdə Qarabağdan köç edirlər.

Bəs bu məsələ necə həllini tapmalıdır?

Siyasi şərhçi Ərəstun Oruclu mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

* * *

Sual: Ərəstun bəy, Azərbaycan tərəfi Qarabağ ermənilərinin reinteqarsiyasını təklif edir. Qarabağ erməniləri isə kütləvi sürətdə Qarabağdan köç edirlər. Təbii ki, onların köçü Azərbaycana beynəlxalq aləmdə başucalığı gətirməyəcək, əksinə deportasiya kimi söhbətlər yaradıb başağrısı yaradacaq. Sizcə, bu məsələ necə həllini tapmalı idi? Və ya necə həllini tapmalıdır?

Cavab: Təbii ki, münaqişənin ideal həlli belə olardı ki, Qarabağın dağlıq hissəsində yaşayan erməni icması Azərbaycana reinteqrasiya olsun. Amma uzun müddət davam edən və etnik dözümsüzlük xarakteri alan bu münaqişə reinteqrasiya həyata keçirilməsi üçün dözümlülüyün və etimadın yaradılması şəraiti tələb edirdi. Etimad yaradılması üçün də ilk növbədə dinc mərhələ lazımdır. Yəni münaqişənin dinc fazaya keçməsi. Amma 44 günlük meharibədən sonra buna nəinki şərait yarandı, əksinə permanent müharibələr baş verdi. Yəni tez-tez baş verən toqquşmalar, qarşıdurmalar, itkilər həmin o etnik dözümsüzlüyü və nifrəti bir qədər də dərinləşdirdi. Belə şəraitdə hansısa bir etimaddan söhbət gedə bilməzdi. Bunu da deməliyik ki, tərəflər də buna cəhd etmədilər. Ona görə ki, şərtlər hər iki tərəfdə çox sərt məcraya yönəlirdi. Yəni ermənilər birmənalı olaraq bildirirdilər ki, onlar azərbaycanlılarla heç bir halda yanaşı yaşamağa və Azərbaycana tabe olmağa razı deyillər. Azərbaycan isə başqa bir çıxış yolu təklif etmək fikrində deyildi. Bunun da təbii səbəbləri vardı. Bütün bu indiki köç və ondan əvvəl keçirilən anti-terror əməliyyatı mümkün şansların əldən verilməsinə gətirib çıxardı. Artıq hansısa bir etimad yaratmadan, reinteqrasiyadan söhbət gedə bilməzdi. əlbəttə əhalinin kiçik bir hissəsi bəlkə də qalıb reinteqrasiya olmağa razılaşar. Amma gördüyümüz kimi hələlik bu ab-hava yoxdur. İnsanlar kütləvi şəkildə köç edirlər. Baxmayaraq ki sonuncu hərbi əməliyyatlar zamanı dinc əhaliyə toxunulmadı. Amma bu başqa bir kontekstdə neqativ işini görmüş oldu. Etimadsızlıq bir qədər də dərinləşdi.

Burda artıq çıxış yolu tapmaq olduqca çətindir. Əgər erməni əhali köç etməsəydi, etimad yaratma mərhələsi üçün zaman olsaydı, bunu həyata keçirmək olardı. Digər tərəfdən isə həmin o etimad yaratma bölgərə marağı olan güclərə lazım idimi? Onlar istəyirlərmi ki, azərbaycanlılar və ermənilər arasında belə bir dinamika olsun? Çox güman ki, yox. ən azı prosesə bilavasitə təsir edə bilən Rusiyadan bu səyləri görmədik. Bu 3 ildə Rusiya cəhd etmədi ki, həmin o vəziyyəti gərginləşdirən, öz siyasi mövcudluğunu bunun üzərində qoruyub saxlayan qondarma rejim buraxılsın və ya qanunsuz silahlı dəstələr ordan çıxarılsın. Bu baş vermədi. Əksinə, biz gördük ki, anti-terror əməliyyatı zamanı çox şiddətli müqavimət göstərildi və Azərbaycan tərəfdən də yetəri qədər itkilər oldu. Burdan belə qənaətə gəlmək olur ki, elə Azərbaycanın da başqa çıxış yolu yox idi. Yəni artıq Azərbaycanı ittiham edəcəklər, etməyəcəklər, bu qalacaq ittiham edənlərin vicdanına. Başqa bir variant da görünmürdü. Dediyim kimi buna mane olan ilk növbədə 44 günlük müharibədən sonra yaranmış şərait idi.

Bu gün danışıqlara cəhd olunur. Danışıqlar hər hansı bir şəkildə həyata keçirilir. Amma bu danışıqların müsbət nəticə verəcəyini və ya əhalinin miqrasiyasının qarşısını alacağını gözləmək inandırıcı deyil. Ən azı bu proses görünmür. Görünən odur ki, belə də davam edəcək. Ermənilər əsasən bölgədən köçüb gedəcəklər. Azərbaycan gec və ya tez etnik təmizləmədə ittiham olunacaq. Digər tərəfdən də bu prosesin belə şəkildə davam etməsi təəssüf ki, qarşılıqlı nifrəti bir qədər də artıracaq.

Sual: Azərbaycan daim bu fikri səsləndirir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Təbii ki, xeyli soydaş və vətəndaşının qaçqın və məcburi köçkün taleyi yaşamasından yola çıxaraq demək olar ki, özünün başqa millətdən olan vətəndaşına da qaçqın və ya məcburi köçkünlük həyatını rəva görməz. Biz daim görmüşük ki, Qarabağda, Ermənistanda azərbaycanlılar və ermənilər birgə yaşayıblar. Birgə yaşayış bundan sonra mümkün deyilmi?

Cavab: 30 il ərzində azərbaycanlıların, son 3 il ərzində ermənilərin yaşadığı faciələr zamanla unudula bilərdi. Amma hələlik yaralar o qədər təzədir ki, bunun qısa zamanda unudulacağını və insanların yenidən birlikdə yaşaya biləcəyini gözləmək çox optimist dəyərləndirmə olardı. Bu günki şərtlər çərçivəsində baxdıqda belə bir imkanı görmürəm. Hələlik biz hər mənada eskalasiya görürük. O cümlədən də azərbaycanlılarla ermənilərin bir-birinə münasibətində eskalasiya görürük. Ona görə birgə yaşayış məsələsi bu gün bir qədər ideallaşdırma olardı. Açıqı mən bu barədə pessimistəm. Ən azı bu günki şəraitdə o mümkün deyil. Bəlkə də gələcəkdə mümkün ola bilər. Bəlkə əhalinin bir hissəsi qalacaq, köçməyəcək.

Rəqəmlər üzərində də manipulyasiyalar var. Ermənistan tərəfi deyir ki, Qarabağda 120 min erməni yaşayır, Azərbaycan tərəfi isə deyir ki, cəmi 40 mindir. Hər bir halda söhbət köç edən minlərdən gedir. Belə şəraitdə birinci köçün qarşısını almaq lazımdır. Amma bunun qarşısını zorla almaq mümkün deyil. Bu da zorakılığın başqa forması olardı. Dinc yolla isə bu mümkün deyil. Ona görə ki, etimad yoxdur. Qarşılıqlı etimad olmadığından birgə yaşayış da hələlik bu mərhələdə mümkün deyil. Bəlkə müəyyən müddətdən sonra danışıqlar nəticəsində erməni əhali tədricən geri qayıdar. Amma təcrübə göstərir ki, öz yaşayış yerini bir dəfə tərk edən əhali həmin ərazi onun silahlı qüvvələri tərəfindən geri götürülməyincə geri qayıtmır. Qarabağ ermənilərinin isə indiki dağlıq ərazilərini silahlı nəzarətə götürmək şansı yox dərəcəsindədir. Bu şəraitdə müəyyən rolu Rusiya oynaya bilər. Amma Rusiya da heç zaman bu məsələdə müsbət rol oynamayıb. Əlbəttə, Rusiya çalışacaq ki, heç olmasa əhalinin bir hissəsini heç olmasa Xankəndidə və onun ətrafında saxlasın ki, orda öz mövcudluğunu da qoruyub saxlaya bilsin. Guya sülhməramlı kimi. Bu şərtlər çərçivəsində bu mümkündür. Amma bu da münaqişənin həlli, birgə yaşayış demək olmayacaq. Birgə yaşayışı təmin etmək üçün zaman lazımdır. Zaman isə yoxdur.

Sual: Bu arada Ermənistan Qarabağda BMT sülhməramlılarının yerləşdirilməsini vacib sayır. Ararat Mirzoyan BMT-dəki çıxışında Qarabağda BMT-nin mandatı ilə sülhməramlılar yerləşdirməyin vacibliyini qeyd edib. Bununla rəsmi Yerevan nə etmək istəyir? Nə mesajı verir?

Cavab: Ararat Mirzoyanın çağırışı ona yönəlib ki, Ermənistan hökuməti Rusiyanı ittiham edir ki, rus sülhməramlıları öz missiyasını yerinə yetirmədi. Ermənistan tərəf bildirir ki, Rusiya orda olduqca heç bir halda öz missiyasını yerinə yetirməyəcək. Onu beynəlxalq qüvvələrlə əvəzləmək lazımdır. Amma məsələ burasındadır ki, tək Ermənistanın çağırışı ilə həyata keçiriləcək məsələ deyil. Beynəlxalq sülhməramlı missiyanın yerləşdirilməsi üçün Azərbaycanın razılığı lazımdır. Azərbaycan bunu edəcəkmi? Düşünmürəm. Çünki təcrübə göstərir ki, belə missiyaların yerləşdirilməsi münaqişənin həllinə səbəb olmur. Daha çox separatçılığın güclənməsinə şərait yaradır. Bu barədə Kosova kimi nümunələr var ki, sülhməramlı missiya heç bir halda müsbət rol oynamayıb. Sülhməramlı əməliyyat o zaman baş tutur ki, tərəflərin barışıq, birgə yaşayışı təmin etmək iradəsi olsun. Bu isə bu gün faktiki olaraq qeyri-mümkündür.

Rəsmi Yerevan ilk növbədə Rusiyanın bölgədən çıxmasını istəyir. Bu bir neçə dəfə açıq şəkildə bəyan olunub. Bu gün Rusiyanın Cənubi Qafqazda silahlı qüvvələrlə təmsil olunduğu iki yer var. Biri Ermənistan, digəri Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsi. Amma Rusiya heç zaman razılaşmaz ki, onu bu regionda beynəlxalq missiya əvəz etsin. Rusiyanın BMT-də veto hüququ var. Belə bir qərar qəbul olunacağı təqdirdə o bu hüququndan istifadə edə bilər.

Sual: BMT sülhməramlıları məsələsinə Azərbaycanın reaksiyası nə olacaq?

Cavab: Azərbaycanın da bu məsələyə münasibəti neqativ olar. Ona görə ki, bu faktiki olaraq mövcud mexanizmləri yeni mexanizmlərlə əvəzləmək deməkdir. Bu isə prosesin yeni bir mərhələyə keçməsi deməkdir. Azərbaycana bu heç bir halda sərf etmir. Çünki indiki şəraitdə Azərbaycan artıq müəyyən bir plana malikdir. Amma yeni hansısa bir beynəlxalq sülhməramlı missiya bölgəyə gələcəyi halda Azərbaycan yeni geosiyasi şəraitə hazırlanmalıdır. Bu da Azərbaycanın marağında deyil. Ona görə düşünmürəm ki bu mümkün olsun.

Sual: Beynəlxalq münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev mediaya müsahibəsində bildirib ki, soyqırım ittihamının neytrallaşdırılmasına zəmanət olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarəti altında olacaq. Ümumiyyətlə, bu son lokal hərbi əməliyyatlardan sonra cari vəziyyətdə sizcə hansı dəyişikliklər baş verib? Biz yaxın vaxtlarda Xankəndidə Azərbayucan bayrağı görə biləcəyikmi?

Cavab: Rusiya sona qədər ermənilərin ərazini tərk etməsinə imkan verməyəcək. Ermənilərin ərazini tamamilə tərk etməsi Rusiyanın sülhməramlı adlandırılan missiyasının başa çatması demək olacaq. Bu səbəbdən Rusiya çalışacaq ki, Xocalı və Xankəndi ərazisinin müəyyən bir hissəsində əhalinin qalmasını təmin etsin. Ona görə də həmin ərazilərə Azərbaycanın nəzarət etməsi, Xankəndiyə bayraq sancılması bir qədər çətin məsələ olacaq. Bu məsələdə bir Rusiya ilə hər hansı bir ziyanlı sövdələşmələrə gedəriksə, o zaman bu mümkün olardı. Məsələn, deyək ki, Rusiyanın Qarabağda hərbi baza yerləşdirmək istəyinə razılıq versəydik, bu mümkün olardı. Belə isə, bu gün hələlik Xankəndinin tam Azərbaycanın nəzarətinə keçəcəyi görünmür. Bu istiqamətdə müəyyən təbliğat var və işlər gedir. Bu bizim istəyimizdir. Amma real siyasət nöqteyi-nəzərindən baxdıqda belə bir imkan hələlik görünmür.

Bənzər yazılar

Back to top button