Siyasət

Bakı və Ankara Los-Ancelesdə erməni radikallarının diplomatlara qarşı aqressiv davranışını pisləyib

Sentyabrın 29-da ABŞ-ın Los-Anceles şəhərində erməni radikal qruplaşmalarının Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan “Türkiyənin ictimai diplomatiyası” mövzusunda konfrans iştirakçılarına qarşı hücumunu kəskin qınayır və pisləyirik. Bu barədə Azərbaycan XİN-nin bəyanatında deyilir.

30 ilə yaxın işğal müddətində, o cümlədən 44 günlük Vətən müharibəsi, habelə bölgədə aparılan son anti-terror tədbirləri ərəfəsində ölkəmizə, həmvətənlərimizə, habelə qardaş Türkiyə Respublikası və onun vətəndaşlarına qarşı atılan, Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin təcəssümü olan bu kimi addımların intensiv və sistematik xarakter alması ciddi təhdid mənbəyidir.

Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının uğursuzluğa düçar olmasını, habelə bölgədə yaradılan qeyri-qanuni rejimin süquta uğramasını həzm edə bilməyən radikal erməni diaspor nümayəndələrinin bu kimi aqressiv hücumları cinayət əməlidir və müvafiq olaraq cəzalandırılmalıdır.

Bu hücumun timsalında radikal erməni qruplaşmalarının bu kimi irqi ayrı-seçkilik, nifrət nitqi və zorakılıq elementlərini özündə ehtiva edən davranışları geniş beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalı, bu cür hərəkətlərin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq addımlar atılmalıdır, bəyanatın sonunda bildirilir.

“Anadolu” agentliyinin məlumatına görə,

tədbirin əvvəlində Los-Anceles polisi Azərbaycanı, Türkiyəni və tədbirin təşkilatçılarını təhqir edən şəxsi zaldan uzaqlaşdırıb.

Bundan başqa, bir qrup erməni tələbə Türkiyənin səfiri Hassan Murat Mercanın çıxışını pozmağa cəhd edib. Azərbaycanın baş konsulu Ramilya Qurbanova şifahi hücumlara məruz qalıb.

Kampus mühafizəsi və polisin müdaxiləsindən sonra müdaxilə edən şəxslər zaldan çıxarılıb.

Konfrans başa çatdıqdan sonra Yunus Əmrə İnstitutunun rəhbəri, Los Ancelesdəki dini xidmətlər attaşesi İsmayıl Dəmirəzen və O3 Medyanın rəhbəri Saner Ayar erməni radikalları tərəfindən küçədə fiziki hücuma və təhqirə məruz qalıb.

Türkiyə Xarici İşlər Nazirliyi də radikal erməni qruplarının hərəkətlərini pisləyib və bəyan edib

fiziki hücumu həyata keçirənlərə qarşı hüquqi prosesə başlayacaq.(Turan)

Bənzər yazılar

Back to top button