Siyasət

BMT Qarabağda vəziyyəti necə qiymətləndirəcək?

Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyəti yoxlamalar aparmaq üçün oktyabrın 1-də Qarabağ bölgəsinə gəlib. Rəsmi məlumata görə, missiya artıq Laçın sərhəd-keçid məntəqəsi və Xankəndi şəhərində tədqiqatlar aparıb.

BMT missiyasının bu səfəri Azərbaycan hökumətinin dəvəti ilə həyata keçirilir.

BMT-nin sözçüsü Stefan Dyujarrik sentyabrın 29-da bildirmişdi ki, nümayəndə heyəti yerdəki vəziyyəti qiymətləndirməyə və hər iki tərəfdə insanların humanitar ehtiyaclarını müəyyən etməyə çalışacaq: “Bəzi qarışıq siyasi məsələlər səbəbi ilə BMT 30 ildir bölgədə deyildi və belə bir ziyarət ilk dəfə təşkil olunacaq. Missiya təxminən 10 gündən az olmamaqla bölgədə fəaliyyət göstərəcək”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlının Turana bildirməsinə görə, Azərbaycan Qarabağda apardığı əməliyyatın ancaq hərbi obyektlərə qarşı olduğunu və mülki əhaliyə zərər vermədiyini sübut etmək üçün sözügedən missiyanı Qarabağa buraxıb: “Əgər o missiya, doğrudan da, obyektiv qiymətləndirmə aparacaqsa, onlar Azərbaycanın bu mövqeyinə müsbət yanaşmalıdırlar. Yəni, Azərbaycan öz sözünə sadiq qalaraq yalnız hərbi obyektləri vurub. Amma bütün dünyaya yayırlar ki, burada etnik təmizləmə gedir, dinc əhali öldürülüb. Missiya gedib görəcək ki, orada dinc əhaliyə heç bir zərər verilməyib və dinc əhali özü köçüb gedir, onları qovan yoxdur”.

Deputatın fikrincə, BMT missiyasının Qarabağa səfərindən Azərbaycana heç bir zərər yoxdur: “Halbuki heç xeyrini da gözləmirəm, çünki BMT və başqa beynəlxalq təşkilatların təsir mexanizmi yoxdur, heç nəyə təsir edə bilmirlər. BMT-nin işğal edilən ərazilərin boşaldılması ilə bağlı dörd qətnaməsi var idi, ermənilər onları yerinə yetirmədilər. İndi erməni lobbisi nə qədər hay-küy salırsa salsın, Azərbaycan özü bu dörd qətnaməni yerinə yetirib”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, bu, müvəqqəti bir missiyadır və, bəlkə də, səfəri bir həftə belə çəkməyəcək: “Bu missiyanın böyük ehtimal məqsədi o olacaq ki, Azərbaycan ordusunun vaxtilə erməni əhalisinin yaşadığı Qarabağ ərazisinə girib-girmədiyinə nəzarət etsinlər… Erməni əhalisi Qarabağdan gedib, amma sonra qayıda da bilər. Hərbi texnikanın, hərbçilərin orada olmasını məqsədəuyğun hesab etməyə bilərlər”.

Politoloqun fikrincə, missiyanı ikinci məqsədi orada qalan erməni əhalisinin sayını müəyyənləşdirməkdir: “Erməni tərəfi deyir ki, oktyabrın 1-nə olan məlumata görə, 100 min 490 nəfər ərazini tərk edir. Yaxşı, bu qədər tərk edibsə, orada nə qədəri qalıb, ümumiyyətlə, qalıbmı? Bundan əlavə, oradakı keçmiş rejimin nümayəndələri ilə görüşüb onlardan müəyyən məlumat alacaqlar”.

O qeyd edib ki, sonunda bir hesabat olacaq: “Amma ciddi bir şey gözləmirəm, çünki Azərbaycan əsgəri girib oradan kimisə qovmayıb, yaxud da döyə-döyə, öldürə-öldürə oradan çıxarmayıb. Bu faktlar yoxdur”.(Turan)

Bənzər yazılar

Back to top button