Siyasət

Ekspert: “Hərbi əməkdaşlıq Azərbaycan və Gürcüstanın maraqlarına cavab verir”

Bu gün Milli Məclis Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişi ratifikasiya edib.

Sənəddə məqsəd tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.

Tərəflər hərbi təhsil sahəsində əməkdaşlıq etmək, birgə təlim və təlimlər keçirmək, sülhməramlı və humanitar əməliyyatlarda, o cümlədən NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı, silahlara nəzarət və tərksilah çərçivəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Azərbaycan və Gürcüstan həmçinin mülki-hərbi, kibertəhlükəsizlik, hərbi kartoqrafiya, hərbi-tibbi xidmətlər, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq etmək niyyətindədir.

Sənəd bu ilin aprelində imzalanıb.

İyunun 13-də Gürcüstan parlamenti sazişi ratifikasiya edib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sumərinli hesab edir ki, Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq perspektivləri iki ölkənin milli təhlükəsizlik maraqlarına uyğundur.

Onun sözlərinə görə, iki ölkə arasında ənənəvi olaraq uzun illərdir ki, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq var. Belə ki, NATO çərçivəsində birgə təlimlər, görüşlər, müdafiə və təhlükəsizlik sahəsində məsləhətləşmələr aparılır.

Gürcüstanın NATO ilə təlimlərdə daha çox təcrübəsi var, bu ölkənin ərazisində Amerika hərbi təlim mərkəzi fəaliyyət göstərir.

Azərbaycan öz növbəsində Türkiyə ilə sıx əməkdaşlıq edir.

Hər iki dövlət öz ölkələrini NATO standartlarına uyğunlaşdırmağa çalışır.

Onun fikrincə, müdafiə büdcəsinin şəffaflığı, orduya ictimai nəzarət, antikorrupsiya tədbirləri sahəsində Gürcüstanın təcrübəsi Azərbaycan üçün maraqlı olardı.

Eyni zamanda Gürcüstan üçün də Azərbaycanda antiterror tədbirlərinin aparılması, bu tədbirlərin qısa zamanda həyata keçirilməsi, effektiv nəticə əldə edilməsi, döyüş təcrübəsinin öyrənilməsi maraqlıdır.

“Gürcütanın da işğal altında olan əraziləri baxımından bu təcrübə ona lazımdır”, – Sümərinli qeyd edib.

O həmçinin beynəlxalq enerji layihələrinin təhlükəsizliyinin təmin edilməsi baxımından hərbi sahədə əməkdaşlığın vacibliyini qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button