Siyasət

MM-in deputatı Azərbaycan əleyhinə qətnamə qəbul etdiyinə görə Avropa Parlamentini qınayıb

Avropa Parlamentinin üzvləri Qarabağdakı vəziyyətlə əlaqədar Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər.

Qətnaməni 491 deputat dəstəkləyib, 9 deputat əleyhinə səs verib, 36 deputat isə bitərəf qalıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Turan-a bildirib ki, belə bir təşəbbüslə çıxış edənlər ermənilərdən daha çox ermənidirlər: “Onlar qəbul etdikləri sənədin mahiyyətinə baxmalıdırlar. Ermənilər şikayət etmir, onların bir bəhanəsi yoxdur, bu məsələ ilə bağlı bir arqument gətirə bilmirlər, hər yerdə deyirlər ki, biz özümüz çıxıb getmişik. Terrorçudan başqa digər gedən erməni əhalidən kimi tutublar, kimi sıxışdırıblar? Heç biri olmayıb”.

Deputat qeyd edib ki, həbs olunan terrorçu Gəncəyə raketin atılması əmrini özü verdiyini etiraf edib: “Gəncədə isə bu boyda insanların ölümü baş verib. Bu, terror fəaliyyətidir və faktlarla sübut olunub. Araik Arutyunyanın, Arkadi Qukasyan ailəsindən kimisə tutublarmı? Yox. Bu, məsuliyyətin fərdlilik prinsipinə əsasən edilib. Bütün bunlar aydın olduğu halda, Avropa Parlamentində bu qədər başıboş adamların cəmlənməsi heyrətvericidir”.

Onun fikrincə, Avropa Parlamenti üzvlərinin tələb etdikləri heç bir məqam Azərbaycanı ittiham etməyə əsas vermir: “ABŞ Dövlət Departamenti açıqlayıb ki, burada heç bir etnik təmizləmə olmayıb, BMT gəlib yoxlayır və deyir ki, etnik təmizləmə yoxdur, amma Avropa Birliyi özündən çıxarır ki, etnik təmizləmə var. Əslində Avropada yeni bir faşizmin cücərməsinə Avropa Parlamenti rəvac verir”.

Deputat bildirib ki, Avropa Parlamenti dinc yolla məsələlərin həll olunduğu bir prosesi dəstəkləmək əvəzinə buna necə mane olaq zehniyyəti ilə yanaşır: “Onların qəbul etdikləri qərarın heç bir əhəmiyyəti yoxdur və kağız parçasından başqa bir şey deyil. Bizi ittiham etməyə heç bir əsas yoxdur”, deyə Fazil Mustafa qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button