İqtisadiyyat

“Bu da Elman Rüstəmovdan “yadigar”qalan problemdir”

Əkrəm Həsənov: “Bank sahibləri müştərilərin pullarından özləri üçün istifadə edirdilər”

“Muğanbank”ın bağlanması barədə Mərkəzi Bankın qərarı ölkədə əsas müzakirə olunan mövzulardan biridir. Hazırda bu bankda sahibkarların, şirkətlərin və sadə insanların 100 milyon manatdan artıq sığortasız vəsaiti var. Onların taleyinin necə olacağı bəlli deyil. Eyni zamanda digər bir sıra bankların bağlanacağı ilə bağlı narahatlıqlar var. Bu məsələlərlə bağlı bank sektoru üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrəndik.

– Əkrəm bəy, daha əvvəl “Günaybank”, bu günlərdə isə “Muğanbank” bağlandı. Ümumiyyətlə, Mərkəzi Bankın qərarları vəziyyətə nə qədər adekvatdır? Bankların lisenziyasını ləğv etmədən başqa tədbirlər görmək mümkün idimi?

– Mərkəzi Bankın əsas vəzifələrindən biri bank sisteminin sabit fəaliyyətini təmin etməkdir. Buna görə də onlara lisenziya verir, fəaliyyətini tənzimləyir, onların üzərində nəzarəti həyata keçirir. Bu da ona görə lazımdır ki, digər sahibkarlıq subyektlərindən fərqli olaraq, banklar öz vəsaitləri hesabına deyil, müştərilərdən cəlb etdikləri vəsaitlər hesabına fəaliyyət göstərirlər. Bunun hesabına vətəndaşlara, sahibkarlıq subyektlərinə kreditlər verirlər. Sabah o kreditlər qayıtmayanda, müştərilərin pulları batır. Buna görə qaydalar sərtdir, bank sahiblərı azı 50 milyon manat pul qoymalıdırlar, maliyyə tələblərinə riayət etməlidirlər və s. Mərkəzi Bank da prosesə nəzarət edir ki, camaatın pulu onlarda batmasın.

Azərbaycanda isə kommersiya qurumları onilliklər ərzində bu tələbləri pozaraq fəaliyyət göstəriblər. Bu da Elman Rüstəmovdan “yadigar” qalan problemdir. O vaxtdan belə sistem qurulub ki, banklar korrupsiya, rüşvət hesabına qanunsuz fəaliyyət göstəriblər. Buna görə də hazırda onların problemləri çoxdur. Mərkəzi Bank da çalışır ki, onların problemlərini həll etsin. Onlara vaxt verir ki, gedin problemlərinizi həll edin. Həll edə bilməyənləri də bağlayır. Bu baxımdan, “Muğanbank”ın bağlanması doğru qərardır. O, idarəetmə baxımdan biabırçı vəziyyətdə olan banklardan biri idi. Bank sahibləri müştərilərin pullarını özləri üçün istifadə edirdilər. Bu da ən təhlükəli məsələdir, çünki problemli kreditləri çoxaldıb.

Bəzən anlaşılmazlıqlar da olur. Məsələn, 2020-ci ildə “AGbank”ın, bu yaxınlarda “Günaybank”ın bağlanması kimi. Bu kommersiya qurumlarının ciddi problemləri yox idi. Əlbəttə, çatışmazlıqlar var idi, amma onları həll etmək mümkün idi. Mərkəzi Bank çox sərt siyasət yürdür…

– Bankların bağlanması sektora nə vəd edir? İnhisarçı bankların hökmran mövqeyinin güclənməsi nələrə gətirib çıxara bilər?

– Bu, bir tərəfdən bankları daha intizamlı olmağa dəvət edir, digər tərəfdən, inhisarçılıq meyillərini gücləndirə bilər. İllər boyu bu proses davam edir. Onun qarşısını almaq üçün nə etmək lazımdır? Bankların sayı artmasa belə, bank olmayan maliyyə təşkilatlarının səlahiyyətləri genişləndirilməlidir. Onların əsas fərqi odur ki, vətəndaşdan əmanətlər qəbul edə bilməzlər. Amma digər fəaliyyətlərdə – pul köçürmələri, valyuta mübadiləsi, nağd əməliyyatlar, kredit verilməsində məhdudiyyətlər olmalı deyil. Eyni zamanda “Azərpoçt” maliyyə sektorunda fəaliyyəti genişləndirə bilər ki, iri bankların sektorda hökmran mövqeləri güclənməsin.

– “Günaybank” və “Muğanbak”da əmanətlərin vəziyyəti ilə bağlı məlumatınız varmı? Əmanətlərin Sığortalanması Fondu “Günaybank”la bağlı prosesi necə aparır?

– Əmanətlər haqqında təxmini məlumatlar var. Əmanətlərin Sığortalanması Fondu “Günaybank”da təxminən 14 milyon manat əmanəti kompensasiya edib. Bu bankda əmanətlərin həcmi böyük deyildi. “Muğanbank”da isə vətəndaşların qorunan əmanətləri 216 milyon manat təşkil edir. Bu baxımdan Fond üçün bu bankda vəziyyət çox pisdir. Təbii ki, qorunmayan vəsaitlər də var. Qeyd edim ki, hər iki bankda vətəndaşların vəsaitləri elə də çox deyil. Orada əsasən sahibkarların və şirkətlərin pulları var. “Günaybank”da bu barədə problem yoxdur, hətta qorunmayan vəsaitlər də qaytarılır. Bir neçə ay ərzində vəsaitlərin 60 faizi artıq qaytarılıb. Mən ona görə deyirəm ki, bu bankda elə də ciddi problem yox idi, bütün əmanətlər inşallah, qayıdacaq. Amma “Muğanbank”da sahibkarların, şirkətlərin qorunmayan vəsaitlərinin qaytarılması ehtimalı aşağıdır.

– “Muğanbank”da 106 milyon manat sığortasız əmanət olduğu bildirilir. Bu vəsaitlərin taleyi necə olacaq? Mövcud qaydalara görə, sahibkarların banklardakı əmanətlərinin ancaq 20 min manatı sığortalanır. Bu o deməkdirmi ki, qalan vəsaitlər batacaq?

– Böyük ehtimalla, bu, sahibkarların, şirkətlərin vəsaitləridir. Qanuna görə, sahibkarın 20 minədək, vətəndaşın isə 100 min manata qədər vəsaiti sığortalıdır. Şirkətlərin pulları isə ümumiyyətlə sığortalı deyil. Amma bu vəsaitlər batmamalıdır. Əgər Əmanətlərin Sığortalanması Fondu fəaliyyətini düzgün, şəffaf qurarsa, bankın əmlakını satırsa, kreditləri qaytarırsa, camaatın vəsaitini də qaytarmalıdır. Məsələn, “AGbank”da,“Günaybank”da bu imkanlar var idi. Amma bir çox hallarda Fondunun qeyri-şəffaf fəaliyyəti nəticəsində bu pulların “başına daş salırlar”. Çünki nəzarət yoxdur. “Muğanbank”a gəldikdə isə, onların bu vəsaitləri qaytaracaq qədər pulu yoxdur.

– Daha hansı bankların bağlanmaq təhlükəsi var?

– Hazırda bir neçə bank qanun pozuntuları ilə fəaliyyət göstərir. Mərkəzi Bank onlara vaxt verib ki, səhmdarlar əlavə pul qoysunlar, müəyyən tədbirlər görüb vəziyyətdən çıxsınlar. Bunu etsələr, çox yaxşı, fəaliyyətlərini davam etdirə biləcəklər. Edə bilməsələr, Mərkəzi Bank onları bağlamağa məcburdur. Çünki pis banklar bütövlükdə bank sisteminin fəaliyyətinə olduqca mənfi təsir göstərir. Ehtimal edirəm ki, gələn ilin birinci yarısınadək bağlanan bağlanacaq, qalanları da fəaliyyətini davam etdirəcəklər.

“AzPolitika.info”

Bənzər yazılar

Back to top button