Dünya

Bayden komandası senatorlara xəbərdarlıq edib: “Putinə qalib gəlməyə imkan verməyin”

Çərşənbə axşamı Bayden administrasiyasının yüksək vəzifəli nümayəndələri senatorlara xəbərdarlıq ediblər ki, İsrail və Ukraynadakı müharibələrin maliyyələşdirilməsini əlaqələndirə bilməsələr, Vladimir Putin qalib gələcək və “o, Ukraynada dayanmayacaq”. Bu barədə Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

Senatın Təxsisatlar Komitəsinə müraciət edən dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin İsrail, Ukrayna və Sakit okean regionu üçün 106 milyard dolların ayrılması məsələsində bölünməyə qarşı çıxıblar. Onlar xəbərdarlıq ediblər ki, Rusiya qalib gəlsə, bunun Avropa üçün nəticələri olacaq.

Konqresdəki respublikaçılar Ukraynaya əlavə yardıma skeptik yanaşırlar və bu planın uğursuz olacağı ilə hədələyiblər. Yeni seçilmiş spiker Mayk Conson isə ancaq İsrail üçün nəzərdə tutulmuş paketi təbliğ edir.

“İranın dəstəyilə Rusiyanın qalib gəlməsinə imkan yaratmaq həm Moskvaya, həm də İrana cəsarət verəcək”, – Blinken senatorlara müraciətində deyib.

O qeyd edib ki, Qərb Rusiyanı onun ordusunu ənənəvi təchizat üsullarından məhrum etdiyi vaxtdan o, kömək üçün İrana getdikcə daha çox müraciət edir. Bunun müqabilində Moskva İrana daha da təkmilləşdirilmiş hərbi texnologiyalar göndərib ki, bu da İsrailin təhlükəsizliyinə təhdid, perspektivdə isə ABŞ-a qarşı təhlükə yaradır.

Qəzzada vəziyyətə toxunan Blinken deyib ki, ərzaq, su, dərman və digər humanitar yardım Qəzzaya daxil olmalıdır. Mülki şəxslər uzaq durmalıdırlar, lakin HƏMAS onlardan canlı istifadə edir.

Öz növbəsində müdafiə naziri Ostin deyib ki, amerikalılar başa düşməlidirlər ki, Ukrayna və İsraildə baş verənlər ABŞ-ın milli təhlükəsizliyinə təsir edir.

Onun sözlərinə görə, Ukraynaya yardım göndərməkdən imtina bir gün ABŞ qoşunlarının Avropada NATO üzrə müttəfiqini müdafiə edərkən Putinin qüvvələrilə toqquşması ehtimalını artırır.

“Təcavüz və terrorizmə qarşı bugünkü savaş gələcək illər üçün qlobal təhlükəsizliyi öncədən müəyyənləşdirir. Yalnız qətiyyətli Amerika rəhbərliyi dünyadakı tiranların, başkəsənlərin və terrorçuların daha bir böyük təcavüz və daha bir böyük vəhşilik törətməyə cəsarət etməyəcəyinə zəmanət verə bilər”, – Ostin deyib.(Turan)

Bənzər yazılar

Back to top button