AnalitikaBizim seçimManşetSiyasət

Azərbaycan üçün ən məqbul variant könüllü miqrasiyanın sülh müqaviləsində təsbit edilməsidir

Türkiyənin nümunəsi əsasında bu məsələni həll etsək, gələcəkdə yenidən münaqişə ocağının yaranmamasına zəmanət almış olarıq

19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatları qanunsuz terrorçu dəstələrin tərk-silah olunması, qeyri-qanuni rejimin özünü buraxması ilə nəticələnsə də, Qarbağdakı erməni əhalinin reinteqrasiya əvəzinə, Ermənistana miqrasiyası yeni reallıqlar yaradıb. Lakin onların könüllü miqrasiyası vaxtilə Xocalı, Ağdərə, Xankəndi, Xocavənddə yaşayan azərbaycanlıların da öz yurdlarına qayıtmasını əngəlləyə bilməz. Əslinə baxanda, bu cür düşmənçilik mövqeyində dayanan kütlənin (dövlətə qarşı cinayətdə iştirak etmiş 15 min silahlı da daxil olmaqla), yəni yaşadıqları ərazidən də ikiqat böyük ərazini çapıb-talayan, 30 il Ermənistan cəmiyyətinə inteqrasiya olunmuş şəkildə yaşayan əhalinin əksəriyyətinin vətəndaşlığa qəbul edilməsi də, birdən-birə Azərbaycana reinteqrasiya olunması da mümkün görünmür.

Əgər Qarabağdan gedən ermənlər bunu qəbul etmirlərsə, təcili olaraq digər tədbirləri görmək lazımdır! Belə ki, beynəlxalq nümunələri əsas götürərək, mümkün sülh müqaviləsində və ya ona əlavədə müharibənin nəticəsi kimi ortaya çıxan və həllini gözləyən məsələ kimi qalib dövlətin himayəsində qalmaq istəməyən əhalinin könüllü şəkildə köçməsi təsbit olunmalıdır!

Buna misal olaraq, Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə müəyyənləşdirilən yeni sərhəd xəttinə görə əvvəllər Türkiyəyə tabe olan Şörəyel və Ağbaba mahallarının kəndlərinin əhalisinin Ermənistanın hakimiyyətini qəbul etməyərək köçməsini göstərmək olar. Onların köməsi təsbit edilmiş, Qars müqaviləsinə əsasən, Ermənistanın hakimiyyətini qəbul etməyən əhaliyə 6 ay ərzində öz əmlakları ilə birlikdə Türkiyəyə köçməyə icazə verilmişdi. Bundan sonra Ağbaba-Şörəyel mahalının Sınıx, Mumuxan, Təzə Qızıldaş, Qoncalı, Ördəkli, Seldağılan, Mustuxlu, Baxçalı, Söyüdlü, Təzəkənd və Şiştəpə kəndlərinin türkləri elliliklə Türkiyəyə köçmüşdülər.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qars müqaviləsinin 13-cü maddəsində qeyd edilirdi: “1918-ci ilə qədər Rusiyanın bir hissəsini təşkil etmiş və indi Türkiyənin suverenliyi altında olduğu tanınan ərazilərin hər hansı sakini əgər arzu edərsə, sərbəst şəkildə Türkiyəni tərk etmək, özü ilə əşyalarını, öz əmlakını və ya onun dəyərini götürmək hüququna malikdir. Eyni şəkildə üzərindəki suverenliyin Türkiyə tərəfindən Gürcüstana güzəşt edilmiş ərazilərin bütün sakinləri əgər arzu edərlərsə, Gürcüstan vətəndaşlığından çıxmaq, Gürcüstan ərazisini sərbəst şəkildə tərk etmək və özü ilə öz əşyalarını, və əmlakını və ya onların dəyərini götürmək hüququna malikdir. Yuxarıda göstərilən maddədə bəhs olunan sakinlər qeyd edilən əraziləri tərk etmək arzularını bildirdikdən sonrakı bir ay müddətində hərbi mükəlləfiyyətdən möhlət hüququndan faydalanacaqlar”. 13-cü maddə əsasında etnik baxımdan Türkiyəyə daha yaxın və sadiq olan əhalinin bir hissəsi də (türklər, müsəlman acarlar) Axıskanı və Acarıstanı tərk etdi.

Bu məsələyə ən böyük nümunə kimi, qalib dövlətin himayəsində qalmaq istəməyən əhalinin könüllü şəkildə köçməsinin təsbit edildiyi (1922-ci ildə Yunanıstanın Türkiyəyə məğlub olmasından sonra) 1923-cü ildə imzalanan Lozanna sülh müqaviləsinə yunan ordusunun törətdiyi qətliamların içtirakçısı və şahidi olmuş yunanların Türkiyə ərazisində yaşamaqdan könüllü olaraq imtina etdiyi üçün “Məcburi miqrasiya”nı nəzərdə tutan “Türkiyə-Yunanıstan əhali mübadiləsi” sənədinin əlavə edilməsini göstərmək olar. Həmin sənəd əsasında Türkiyədə yaşayan 1 milyondan çox xristian (ortodoks) yunan öz milli dövlətlərinin ərazisinə, Yunanıstanda yaşayan yarım milyon müsəlman isə Türkiyə Respublikasının ərazisinə köçürüldü.

Sənəddə I Dünya müharibəsindən əvvəl, müharibə dövründə və sonrakı illərdə iki ölkə arasındakı savaş zamanı Yunanıstandan köç etməyə məruz qalan müsəlmanların Türkiyədə sığınacaq tapması (məğlub ölkədən son 10 ildə gələn yüz minlərlə müsəlman əhalinin Türkiyə ərazisində yaşayan yunanların yaşadığı ərazilərdə yerləşdirilməsini) da nəzərə alınmışdı.

1923-cü il yanvarın 30-da imzalanmış müqavilə on doqquz maddədən ibarət idi. Müqaviləyə əsasən, 1923-cü il mayın 1-dən Türkiyədəki yunan əhali ilə Yunanıstandakı türk-müsəlman əhali arasında məcburi miqrasıyanı nəzərdə tuturdu.
Müqavilənin 1-ci maddəsinə əsasən, mübadilə edilən yunanlar Türkiyə hökumətinin icazəsi olmadan Türkiyəyə qayıda bilməz və türklər isə Yunanıstan hökumətinin icazəsi olmadan Yunanıstanda məskunlaşa bilməzdilər.
2-ci maddəsində qeyd edilirdi ki, mübadilə edilməyəcək əhali Qərbi Trakya türkləri və İstanbul yunanlarıdır.
3-cü maddəyə əsasən, 18 oktyabr 1912-ci il tarixindən etibarən hər iki ölkədən köçənlər də mübadilə çərçivəsinə daxil edildi.

6-cı və 7-ci maddələrə görə, hər iki hökumət məcburi miqrasiyaya məruz qalanlara lazımi şəraiti təmin edəcək və köçən şəxs getdiyi ölkənin vətəndaşlığından çıxacaq və gəldiyi yeni ölkənin vətəndaşlığına qəbul olunacaqdı.
9-cu maddəyə əsasən, mübadilə edilən şəxslərin qoyub getdiyi mal-mülk Birgə Komissiya tərəfindən qeydiyyata alınacaq və silinəcəkdi. Bu qərar 1912-ci il oktyabrın 18-dən sonra öz yerlərini tərk edənləri də əhatə edəcəkdi.
Onu qeyd etmək lazımdır ki, düz 1 əsr bundan əvvəl imzalanan sülh müqaviləsinə əsasən, baş tutan köçün nəticəsi olaraq son 100 il ərzində Türkiyədə yunanların separatizm, ərazi iddiası ilə çıxış etmək imkanlarının, türk-yunan etnik münaqişəsinin baş verməsinin qarşısını aldı.

Bütün bunları nəzərə alaraq, bu ilin sonuna qədər imzalanması nəzərdə tutulan (vəziyyətdən asılı olaraq gec və ya tez də baş tuta bilər) Azərbaycan–Ermənistan sülh müqaviləsində 1987–1991-ci illər ərzində etnik təmizləməyə məruz qalaraq əksəriyyəti Azərbaycan Respublikasına köçməyə məcbur qalan 250 min azərbaycanlının (bəzi mənbələrdə 300 min qeyd edilir) əvəzində Qarabağda yaşayan bütün ermənilərin Ermənistana könüllü miqrasiyasını (faktiki olaraq köçən 100 min erməninin geri qayıtmasının qarşısının alınmasını) nəzərdə tutan əlavə sənəddə aşağıdakı maddələrin də mütləq öz əksini tapmasını nail olmaq mümkündür:

1. Qarabağda yaşayan etnik ermənilərin Azərbaycan dövlətinin vətəndaşlığını qəbul etmədikləri və əksəriyyətinin Ermənistan Respublikasının vətəndaşı olduqlarına görə, könüllü olaraq onlar (bəlkə də o rəqəm 100 mindən ikiqat aşağıdır) 1987–1991-ci illərdə Ermənistan ərazisindən deportasiya olunan 250 min azərbaycanlının vaxtilə yaşadığı kənd, qəsəbə və şəhərlərə köçürülməsi;
2. Qarabağda yaşayan etnik ermənilərin indiyə qədər məskunlaşdığı və yaşayış üçün şəraiti olan məntəqələrə (kənd, qəsəbə və şəhərlərə) 35 il əvvəl yaşayan azərbaycanlılarla yanaşı, 1987–1991-ci illərdə Ermənistan ərazisindən qovulan azərbaycanlıların da könüllü şəkildə məskunlaşmasına şərait yaradılması;
3. Ermənistan vətəndaşlığını qəbul edən və ölkəmizə reinteqrasiya olunmaq istəməyən Qarabağdan köçən ermənilərin 2023-cü ilin dekabrından sonra Azərbaycan dövlətinin icazəsi olmadan ərazilərimizə daxil olmasının qadağan edilməsi.

Ermənistanın “məcburən köçən əhali” kimi təqdim etdikləri və sayını şişirtdikləri 100 minlik etnik erməninin real köç statistikası da rəsmi sənədlə təsbit olunmalıdır ki, indidən beynəlxalq gündəmə gətirilən “etnik təmizləmə” kampaniyası da iflasa uğrasın. Qarabağ ermənilərinin “öz yurdlarında yaşamaq hüququ” kimi tələbin qarşılığında hüquqları 35 il öncə pozulan soydaşlarımızın haqları məsələsi də daha sərt və dəqiq şəkildə qoyulmalıdır.

İndiki halda, bizi gözləyən real təhlükəni görməzdən gələrək, Xankəndi, o cümlədən Kərkicahandan, Xocalı, Əskəran, Xocavənd və Ağdərənin kəndlərindən soyqırımı yolu ilə çıxarılan azərbaycanlıların qayıtmasına hazırlaşmaq əvəzinə, ermənilərin sülhmərmalıların himayəsi altında vətəndaş kimi bağrımıza basmağımız 30 ildən sonra yeni münaqişəyə hazırlaşmaq deməkdir.

Qarabağda ermənilərin son 35 ildə törətdikləri cinayətlər və işğal faktları göstərdi ki, onların kompakt şəkildə yaşamasına şərait yaratmaq potensial terrorçu və separatçı yetişməsinə zəmin hazırlamaqdır. Bu icmanın 30 ildir bizim 20 fazi torpağımızı işğalda saxladığını, əhalisini yerindən, qız-gəlinini namusdan etdiyini yada salanda, onlara amnistiya yalnız bu torpaqda yaşamamaq şərti ilə tətbiq etmək olar. Buna qalib dövlətimizin haqqı çatır!
Tarixdən dərs çıxarmalıyıq! Dönüb 100 il bundan əvvəlki tarixə nəzər salsaq, görərik ki, vəziyyət dəyişən kimi, Azərbaycan hakimiyyətini qəbul edən Qarabağ erməniləri sonradan yeni tələblər ortaya atıblar, status istəyiblər və Rusiyanın köməyi ilə onu da əldə ediblər. Müstəqillikdən imtina edib, indi statusdan dəm vuran, daha sonra özünü buraxan Samvellər, gələcəkdə yenidən baş qaldırmaq üçün yeni zəmin hazırlamaq niyyətindədirlər. Ermənilərin Qarabağı könüllü tərk etməsi beynəlxalq sənəddə təsbit edilsə (oradan özləri ilə regionu tərk etmək istəməyən sülhməramlılar da daxil olmaqla, nə aparırlarsa, aparsınlar), Qarabağın gələcəkdə təhlükəsiz və çiçəklənən regiona çevrilməsinin yolu açılacaq.

Türkiyənin nümunəsi əsasında bu məsələni həll etsək, gələcəkdə yenidən münaqişə ocağının yaranmamasına zəmanət almış olarıq. Ermənistanla demilitasiya və demarkasiyadan sonra Ermənistanla sərhədimiz elə qorunmalıdır ki, bir nəfər separatçı erməni belə Azərbaycan torpağına qədəm qoymasın.

Ermənistanla quru yolu ilə bütün əlaqəni kəsmək bahasına olsa da, bu variantdan məqbulu yoxdur. Bizə Ermənistan ərazisindən keçən “Zəngəzur dəhlizi” də lazım deyil. Son hadisələr göstərdi ki, onu İran vasitəsi ilə də əldə edə bilərik. Düşmən Ermənistanın ərazisindən nəzərdə tutulan yoldansa, öz soydaşlarımız yaşayan İranın ərazisindən keçməklə Zəngilandan Naxçıvana yol çəkmək çətin deyil. Üstəlik, dövlətimiz bu variantın üzərində ciddi işləyir.

Beləliklə, 3 il öncə kapitulyasiya aktını imzalayan Ermənistanla aparılan sülh müqaviləsi üzrə danışıqlarda da ərazi bütövlüyünün tanınması şərti kimi düşmən dövlətin qarşısında münaqişənin yaranmasının səbəbkarı olan Qarabağ ermənilərinə sahib çıxması tələbi qoyulmalıdır. Azərbaycan Ermənistan ərazisində yaşayan soydaşlarına 35 il bundan qabaq necə sahib çıxdısa, rəsmi İrəvan da ermənilərinə yiyə durmalıdır. Bu minvalla sülh müqaviləsinə əlavə kimi “Azərbaycan-Ermənistan əhali mübadiləsi” sənədi də imzalanmalı və bununla da problem birdəfəlik həll olunmalıdır.

Qaşqay Ramazanov,
Siyasi elmlər üzrə fəlsəfə doktoru

Bənzər yazılar

Back to top button