Siyasət

İran məhkəməsi Fərid Səfərlinin apellyasiya şikayətini təmin etməyib

İranda casusluq etmək niyyəti ittihamı ilə 2 il həbsə məhkum edilən Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova Amerikanın Səsinə deyib.

“Dünən Fəridlə telefonla danışdım. Dedi ki, apellyasiya məhkəməsi olub. Məhkəməyə nə Fərid, nə də vəkili dəvət olunmayıb. Üç hakim öz aralarında şikayətin təmin edilməməsi barədə qərar verib”, o qeyd edib.

Əsgərova noyabrın 3-də oğlunun vəkili ilə növbəti hüquqi addımları müzakirə edəcəyini bildirib.

Ana oğlunun səhhətinin yaxşı olduğunu, saxlanma şəaritindən narazılığının olmadığını deyib.

“Saxlanma şəraiti yaxşıdır. Amma Fərid çox darıxır. Əbəs yerə həbsdə olmağından çox narahatdır, əsəbləşir, gərginlik keçirir. Amma, saxlanma şəraiti normaldır”, o qeyd edib.

Əsgərova Azərbaycanın Baş Prokurorunun İranın baş Prokuroru ilə görüşündə Fərid Əsgərovun məsələsini qaldırması ilə bağlı sualın cavabında deyib ki, “İran tərəfi hətta buna əhəmiyyət verməyib”.

“İran məhkəməsinin əvvəlki qərarı ilə də razı deyidim. Bu şikayətin də təmin edilməməsindən narazıyam. Fikirləşirdim ki, yeni faktlar irəli sürülmüşdü, yeni tərcümələr olmuşdu. Gözləyirdim ki, Fəridə bəraət verəcəklər. Yenə də etmədilər. Azərbaycan hökuməti Fəridin azad edilməsi üçün çalışıb və bundan sonra das çalışacaq. Ümid edirəm ki, Fərid tezliklə azadlığa buraxılacaq və vətəninə gələcək”, o qeyd edib.

Azərbaycan Baş Prokuroru Kamran Əliyev sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.

Rəsmi məlumata görə Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və məhkəmə hökmünü qəbul etmədiyni bildirib.(Turan)

Bənzər yazılar

Back to top button