Siyasət

Annalena Berbok Bakı və İrəvanı barışığa çağırdı

Almaniya və Avropa “Cənubi Qafqaz ölkələri ilə keçmişin kölgələrini dəf edəcək və xalqların gələcəyin maraqlarını formalaşdıracaq bir region yaratmaq üçün birgə işləmək” istəyirlər.

Qaynarinfo DW-yə istinadən xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok cümə günü, noyabrın 3-də Ermənistan və Azərbaycana ikigünlük səfəri öncəsi deyib.

Qarabağ ətrafında iki ölkə arasında uzun müddətdir davam edən münaqişəni şərh edən Berbok qeyd edib ki, bu, hər iki tərəfə böyük yaralar vurub, lakin “uzunmüddətli perspektivdə onlar sağala bilər”. İndi vacibdir ki, “sülhün açarlarına sahib olan hər kəs özünə qalib gəlsin və qarşılıqlı etimad yolunu tutsun”.

“Almaniya və bütövlükdə Avropa İttifaqı bu yolda İrəvanı və Bakını konkret təşəbbüslərlə dəstəkləməyə hazırdır”, deyə nazir vurğulayıb.

Onlardan biri Aİ-nin “Qlobal Gateway” proqramı çərçivəsində məlumatların ötürülməsi üçün Qara dənizin dibi ilə dərin dəniz kabelinin çəkilməsinin planlaşdırılmasıdır. Berbokun fikrincə, bu layihədə iştirak Ermənistan və Azərbaycanı bir-birinə, eləcə də Avropaya yaxınlaşdıra bilər.

Qeyd edək ki, “Qlobal Gateway” təşəbbüsü inkişaf etməkdə olan və keçid iqtisadiyyatı olan ölkələrdə infrastruktura 300 milyard avroya qədər investisiyaları nəzərdə tutur. Bu proqramın məqsədlərindən biri də Aİ-nin qlobal təsirini gücləndirməkdir. Annalena Berbok qeyd edib ki, dərin dəniz kabelinin çəkilməsinin ümumi dəyəri 45 milyard avrodur. Avropa İnvestisiya Bankı bu məbləğin az qala yarısını öz üzərinə götürməyə hazırdır.

Noyabrın 3-də Almaniyanın xarici işlər nazirinin İrəvanda erməni həmkarı Ararat Mirzoyan ilə görüş keçirəcəyi gözlənilir. Noyabrın 4-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların aparılması planlaşdırılır.

Bənzər yazılar

Back to top button