Hadisə

Abşeronda həbs edilən məmurun fotosu

Xəbər verdiyimiz kimi, Abşeron Rayon İcra Hakimiyyətin başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişli rüşvət alarkən saxlanılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Mirqasım Mirişli 10 ilə yaxındır sözügedən icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışırmış.

Həbs olunan məmurun görüntülərini təqdim edirik.

Qeyd edək ki, Baş Prokurorluq Abşeron Rayon İcra Hakimiyyətində keçirilmiş əməliyyatla bağlı məlumat yayıb. Əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

Back to top button