GündəmHadisə

Jurnalist icra başçısını məhkəməyə verəcək – AÇIQLAMA

“Ölkə qanunlarını, ölkə idarəetməsini heçə sayır, onu təyin edən şəxsləri gözdən salır”

Aprelin 12-də Bakının “Sovetski” adlanan ərazisində yaşayan sakinlər “Hacı Cavad” məscidinin sökülməsinə etiraz ediblər. Hadisə yerinə gələn Yasamal rayonun icra başçısı İbrahim Mehdiyevin bir neçə nümayəndə ilə danışmaq üçün kənara çəkilib.

Bu zaman açıqlama almaq istəyən jurnalist Fərqanə Novruzovaya qarşı kobudluq edən icra başçısının hərəkəti Toplum TV-nin obyektivinə düşüb.

Hüquqşünas Ələsgər Məmmədli Toplum.Tv-yə bildirib ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının jurnalistə qarşı etdiyi hərəkət bilavasitə Cinayət Məcəlləsinin 163.2 maddəsi ilə məsuliyyət yaradır:

“Vəzifəli şəxs qəsdən jurnalistin qanuni peşə fəaliyyətinə zor tətbiq edərək mane olur. Əlbəttə, normal halda prokurorluq tərəfindən dərhal cinayət işi başlamalı, icra başçısı məsuliyyətə cəlb olunmalıdır. Qanun qarşısında hər kəs bərabərdir və bunu edən sıradan şəxs olsa, əminəm ki, dərhal cinayət işi başlayardı və həmin şəxs həbs olunardı. Hətta belə bir şey etməyən jurnalistlərimiz belə, məsələn, bloger Mehman Hüseynov işgəncəyə məruz qaldığını dediyinə görə həbs olunmuşdu. Əgər jurnalisti dərhal həbs edirlərsə, onlara qarşı edilən pozuntularda da bunu balanslı tətbiq etmək lazımdır. Hökumət, hüquq-mühafizə orqanları bununla bağlı məsuliyyət daşıyır. Bu hadisə kameraların gözü qarşısında, yanında polislər ola-ola baş verib. İcra başçısı bu hərəkəti edirsə, deməli, ölkə qanunlarını, ölkə idarəetməsini heçə sayır, onu təyin edən şəxsləri gözdən salır”.

Jurnalist Aynur Elgünəş isə əlavə edib ki, istənilən məmurun jurnalistə əl qaldırması və ya onun avadanlığına xətər yetirməsi yolverilməzdir:

Aynur Elgünəş təhdid olunub

“Jurnalist israrla məmurdan cavab almağa çalışa, belə deyək, onun zəhləsini tökə bilər. Amma bunun qarşılığı kobud rəftar deyil. Yüksək vəzifəli şəxsin işi həm də məsuliyyətini dərk etmək, əsəblərini cilovlamaqdır. Yasamal rayon İcra Hakimiyyətinin başçısı isə məsələyə aydınlıq gətirib, cavab verməyə borclu olduğu halda jurnalistlə kobud rəftar edir, onun kamerasını vurur. Təbii ki, bunu pisləyirəm və hesab edirəm ki, Fərqanə məhkəməyə müraciət etməlidir. Bundan başqa, ölkədə fəaliyyət göstərən jurnalist təşkiları, Mətbuat Şurası da məsələyə müdaxilə etməli, mövqeyini göstərməlidir. Bu təşkilatların işi hakimiyyəti qorumaq, jurnalistləri qınamaq və onların adından istifadə edib evə, mükafata sahib olmaq, səyahətlər etmək deyil. Zəhmət çəkib jurnalistin tapdanmış hüquqlarının da müdafiəsinə qalxsınlar”.

Fərqanə Novruzova Toplum.Tv-yə bildirib ki, icra başçısının hərəkəti ilə bağlı prokurorluğa və məhkəməyə şikayət edəcək.

Bənzər yazılar

Back to top button