HadisəManşet

Vəkil 5 hektar meşə ərazisinin satılması məsələsinə aydınlıq gətirdi

İş adamı Ağayev Əkbər Etibar oğlunun nümayəndəsi, vəkil Vüqar Kazımov AzToday.az saytında dərc olunmuş “Muxtar Babayevin diqqətinə: 5 hektar meşə ərazisi qanunsuz şəkildə istirahət mərkəzinə satılıb” başlıqlı məqalədə səslənən iddialara aydınlıq gətirib.

Yazılı şəkildə redaksiyamıza təqdim olunan etirazda bildirilir ki, məqalədə şərh olunan məlumatlar redaksiya tərəfindən kifayət qədər araşdırma aparılmadan dərc olunmuş və nəticədə ictimai fikirdə müəyyən çaşqınlıq yaratmışdır. Eyni zamanda təhrif olunan məlumatların dərc olunması əlaqədar dövlət qurumlarının və sahibkarların işgüzar nüfuzuna xələl gətirmişdir.

Əslində faktların real mənzərəsi tamamilə başqa cürədir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi Ağayev Əkbər Etibar oğluna qarşı zəbt edilmiş 10 ha meşə fondu sahəsini boşaldaraq, əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbilə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edib.

Bu iddianın qanunsuz və əsassız olması barədə məhkəməyə etirazımız təqdim olunub.

Birincisi, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Əkbər Ağayevin zəbt etdiyi kimi göstərdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınıb. Bu fakt onu təsdiq edir ki, Əkbər Ağayev qeyd edilən torpaq sahəsinin qanuni mülkiyyətçisidir və hər hansı zəbt iddiası tamamilə əsassızdır.

İkincisi, Ə.Ağayevin xüsusi mülkiyyətində olan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır və bu fakt da hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınıb, çıxarışda da öz əksini tapıb.

Qeyd edildiyi kimi, iddiaçının Ə.Ağayevin zəbt etmiş olduğu ərazi kimi təqdim etdiyi torpaq sahəsi 29.10.2021-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərindəki 3796,7 kv.m. daşınmaz əmlak isə eyni tarixdən Shirinzade Orkhan adlı Amerika Birləşmiş Ştatları vətəndaşının xüsusi mülkiyyətindədir. Mülkiyyət hüquqları hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alındığından və dövlət tərəfindən qorunduğundan iddiaçının irəli sürdüyü iddia tələbi tamamilə qanunsuz və əsassızdır.
Bundan başqa, iddiaçının meşə fondunun torpağı kimi təqdim etdiyi və Ə.Ağayevin mülkiyyətində olan torpaq sahəsi 1959-1960-cı illərdən etibarən meşə fondunun balansından çıxarılaraq müxtəlif hüquqi şəxslərin əvvəlcə istifadəsinə, sonradan xüsusi mülkiyyətinə keçmişdir.

10 mart 2008-ci ildə bağlanmış 1184 nömrəli müqavilədən görünür ki, 10 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən “Emil” firmasına satılmış və bu barədə firmaya çıxarış və Texniki Pasport verilmişdir.

17 oktyabr 2021-ci il tarixdə “Emil” firması ilə Ağayev Əkbər Etibar oğlu, Shirinzade Orkhan arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsi onların mülkiyyətinə keçmişdir. Bundan sonra onlara Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamənin 3-cü bəndinə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət həyata keçirir.

Qeyd etmək istəyirik ki, Əkbər Ağayevə və Orkhan Şirinzadeyə məxsus mülkiyyət yanlış olaraq iddia ərizəsində və məqalədə “Türkan” istirahət mərkəzi adlandırılır. Əslində isə rəsmi sənədlərdə həmin ərazi əvvəllər “İsti-su” sanatoriyası adlandırılıb.

Beləliklə, Ə.Ağayev və O.Shirinzadenin torpaq sahəsinə və onun üzərindəki daşınmaz əmlaka mülkiyyət hüquqlarına reyestr qeydi qüvvədə olduğu müddətdə bu iddianın verilməsi və məqalədə qanunsuz satılmış torpaq sahəsi kimi göstərilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin I və II bəndlərinə, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokolun 1-ci maddəsinin tələblərinə ziddir.

Qeyd olunan faktları nəzərə alaraq xahiş edirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən bu cavabımızı dərc edəsiniz.

Bənzər yazılar

Back to top button