Hadisə

Deputatın milyonlarla vergi borcu olan şirkətini məhkəməyə verdilər

78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.

“Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi barədə iddianı “Tekno Crusher” MMC qaldırıb. Məhkəmə iddiası alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 45 min dollar olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16 oktyabr 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğlu olan “Kaspi-Yıldız”ın hüquqi ünvanı “Nizami rayon, Özbəkistan, ev 24E”də yerləşir.

“Kaspi-Yıldız” barəsində iddia qaldıran “Tekno Crusher” MMC isə 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 manat olan şirkətin qanuni təmsilçisi Padayev Nikolay İvanoviçdir. MMC mərkəzi ofisi Rusiyada yerləşən “Tekno Crusher” şirkətinə bağlıdır. Bu şirkət Azərbaycandan başqa İran və Qazaxıstanda da fəaliyyət göstərir. Şirkət mədən sənayesində istifadə olunan avadanlıqların istehsalı və satışı ilə məşğuldur.

Onu da qeyd edək ki, şirkətin təsisçisi 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədovdur. 2019-cu ildə mətbuata verdiyi açıqlamada İqbal Məmmədov bildirib ki, o, 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib. Bir müddət “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov isə 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Onu da bildirək ki, ötən ilin yanvar ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə millət vəkili İqbal Məmmədov olub.
İqbal Məmmədovun təsis etdiyi şirkət uzun zamandır dövlət büdcəsinə olan böyük miqdarda vergi borcuna görə mətbuatda müzakirə olunur. Hazırda “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin dövlət büdcəsinə 9 milyon 392 min 818 manat 93 qəpik vergi borcu var.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti daha əvvəl “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb. Amma görünən odur ki, müəssisənin vergi borcu bu günə kimi ödənilməyib.

Bundan başqa Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” da (səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə məxsusdur) borc müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq millət vəkili İqbal Məmmədova, həmçinin Məmmədov Nəriman Qədir oğluna (deputatın atası), Məmmədov Çingiz Nəriman oğluna (deputatın qardaşı) və “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Bənzər yazılar

Back to top button