Siyasət

“Dövlət Konstitusiya ilə təminat altına alınan media azadlığı hüququnun zamini olmalıdır”

Noyabrın 20-dən bu günə qədər Azərbaycanda 6 jurnalist həbs olunub. Noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli və onun köməkçisi Məhəmməd Kekalov, 21-də baş redaktoru Sevinc Vaqifqızı saxlanıldı. Daha sonra onların hər birinə qaçaqmalçılıq ittihamı irəli sürülərək barələrində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Noyabrın 27-də “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov saxlanıldı. Ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi başlanıb. Barəsində məhkəmə qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçildi.

Noyabrın 30-da isə “AbzasMedia”nın daha bir əməkdaşı Nərgiz Absalamova saxlanılıb. Ona qarşı da qaçaqmalçılıq ittihamının irəli sürüldüyü bildirilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Dekabrın 2-də “Kanal13” internet televiziyasının aparıcısı Rüfət Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib, məhkəmə qərarı ilə 30 sutka həbs olunub.

Jurnalistlərin həbsinin səbəbi nədir?

Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyev ASTNA-nın suallarını cavablandırıb.

* * *

– Xalid bəy, son günlərdə ard-arda biri inzibati olmaqla 6 jurnalist həbs olunub. Sizcə, jurnalistlərə qarşı bu addımın arxasında hansı səbəblər dayanır?

– Belə həbslər ilk deyil, 90-cı illərin sonlarından Azərbaycanda belə həbslər müxtəlif aralıqlarla baş verib. Məsələn, 2009-2010-cu illərdə çoxsaylı jurnalist həbsləri baş vermişdi, Azərbaycanın adı hətta həmin illərdə həbsdə olan jurnalistlərin sayına görə, ATƏT məkanında birinci pillədə gəlirdi. “Gündəlik Azərbaycan” qəzetinin rəhbəri Eynulla Fətullayevdən tutmuş, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qədər tanınmış jurnalistlər həbs edilmişdilər. Həmin işlərin hamısına artıq illər öncə Avropa Məhkəməsində baxılıb və jurnalistlərə qarşı ittihamların əsassız olduğuna, onların məhz ifadə azadlığı hüquqlarından yararlanmasını önləmək üçün cəzalandırıldığına qərar verilib. Yəni, həmin həbslərin heç birinin səbəbi onlara qarşı irəli sürülən ittihamlar olmayıb. Hazırkı durumda da fərqli səbəb görmək, tapmaq çətindir.

– Həbs olunan jurnalistlərdən 4-ü “AbzasMedia”nın əməkdaşlarıdır. Və onalara qarşı qaçaqmalmılıq ittihamı irəli sürülüb. Jurnalistika hara, qaçaqmalçılıq hara? Bu ittihamın nə qədər jurnalistika ilə əlaqəsi ola bilər?

– Qaçaqmalçılıq cinayət sayılan əməllərdən biridir və 16 yaşına çatmış istənilən anlaqlı şəxs həmin cinayət əməlinin subyekti ola bilər. Təcrübəyə baxdıqda jurnalistlər müxtəlif vaxtlarda xuliqanlıq, xəsarət yetirmə, böhtan, hətta dövlətə xəyanət kimi ittihamlarla məhkum ediliblər. Əvvəldə qeyd etdiyim kimi, yekunda Avropa Məhkəməsi onlara qarşı ittihamların əsassız olduğuna qərar verib. Bu işdə həmin işlərin oxşarıdır. Jurnalistlərin həbsini həm də mediada ötürülmüş məlumatların yayılması müşayiət edir. Bu bilgilərə bütün olaraq baxıldığında ola bilsin ki, qrant alınması qaydalarının pozulmasından söhbət gedə bilər. Bu qaydaların pozulması isə inzibati məsuliyyət yaradır.

– Maraqlıdır ki, hüquq-mühafizə orqanları “AbzasMedia” jurnalistlərinin həbsinin səbəbi haqqında rəsmi məlumat yaymadan XİN Fransa səfiri, ABŞ və Almaniyanın müvəqqəti işlər vəkili ilə görüşündə həmin media orqanının xaricdən maliyyələşdiyini bildirib. Media qurumu xaricdən maliyyələşə bilməz?

– 2022-ci ildə qüvvəyə minən yeni “Media haqqında” qanuna görə, təsisçi olmayan xarici fiziki və ya hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları media subyektlərini maliyyələşdirə bilməzlər. Sponsorluq imkanları var, belə ki, xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun iyirmi beş faizədək olan hissəsinə sponsorluq edə bilərlər. Ancaq yeni qanunun məzmununun ölkə Konstitusiyasına uyğunluğu da mübahisəlidir. Konstitusiyaya görə, ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunlardan üstün hüquqi qüvvəyə malikdir. Azərbaycanın tərəfdar çıxıdığı əsas beynəlxalq müqavilələrdən biri Avropa Konvensiyasıdır. Avropa Şurasının Venesiya Komissiyası da yeni media qanunvericiliyinin həmin Konvensiyaya zidd olması haqda rəy verib.

– Qanunvericilik jurnalistlərin fərdi qaydada, xidmət müqavilələri əsasında xaricdən maliyyə vəsaiti almasını da məhdudlaşdırır? Və ya redaksiyalar kommersiya müqavilələri əsasında iş yerinə yetirə bilməz?

– Bir az əvvəl Media haqqında yeni qanunda nəzərdə tutulanları, eləcə də Konstitusiyanın verdiyi haqları qeyd etdim. Azərbaycan Avropa Şurasının üzvüdür. Bir azərbaycanlı jurnalistin qanunla qapalı sayılmayan informasiyaların istənildiyi sorğusuna Moldovanın rəsmi qurumları da cavab verməlidir, əks halda informasiya əldə etmək hüququnun pozuntusu AİHM qarşısında mübahisə edilə bilər. Geniş yanaşdıqda qeyd etdiyiniz vəsaitlərə çatımda problem olmamalıdır. Dövlətlər məlumatlandırma, vergi və sair kimi müəyyən qaydalar müəyyən edə bilərlər, ancaq bu qaydalar ayrıseçici, məhdudlaşdırıcı olmamalıdır.

– Media qurumlarının maliyyələşdirilməsinə qadağa Azərbaycanın beynəlxalq təşkilatların tənqidinə məruz qalan və Avropa Şurası Venesiya Komissiyasının mənfi rəyini alan media haqqında yeni qanunla tətbiq olunub. Bunun özü Avropa Konvensiyalarının pozulması demək deyilmi?

– Media haqqında qanunun qəbul edilməsindən illər öncə qrant alınmasını tənzimləyən qanunlara xeyli dəyişikliklər edilmişdi. Həmin dəyişikliklər belə vəsaitlərə çatımı tamamilə məhdudlaşdırmır. Sadəcə olaraq, çox sərt dövlət tənzimləməsi tətbiq edilməsi nəzərdə tutulur. Ümumi məzmun bundan ibarətdir ki, dövlət orqanı hər hansı qrant vəsaitinin xərclənəcəyi fəaliyyətlərin məqsədəuyğun olub-olmaması barədə rəy verməlidir. Belə rəy olduqda həmin vəsaitlər fəaliyyətlərin həyata keçirilməsi üçün əldə edilə bilər. Oxşar mübahisələrlə bilavasitə və ya dolayısı ilə əlaqəli olan bir neçə işlə bağlı Avropa Məhkəməsinin yanaşması var, hazırda qüvvədə olan tənzimləmələr Avropa Konvensiyası təcrübəsinə uyğun gəlmir.

– Müstəqil media qurumlarının fəaliyyət göstərə bilməsi, eləcə də jurnalistlərin həbs olunmaması üçün sizin təklifləriniz nədən ibarətdir?

– Media azad olmalıdır, bu, ilk növbədə ölkəmizin Konstitusiyası ilə təminat altına alınan haqdır. Dövlət bu haqqın təminatçısı olmalıdır. Bu təminat olmadıqca, hər hansı tərəqqidən danışmaq çox çətindir.

Bənzər yazılar

Back to top button