Bizim seçimManşetSiyasət

Cəmiyyətin və prezidentin yeni milli ideyası

Prezident İlham Əliyev son çıxışında etiraf edib ki, təbliğatda tarixi qələbələri sonsuzadək istismar etmək olmaz, gələcək haqqında düşünmək, yeni milli ideyada onun məqsədlərini formalaşdırmaq lazımdır.

“İstərdim ki, bizim əsas milli ideyamız və gələcək inkişafımız ilə bağlı təsəvvürlərimiz barədə müzakirələr cəmiyyətdə – siyasətçilər, politoloqlar, alimlər, ziyalıların nümayəndələri arasında aparılsın. Yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideyalar necə olmalıdır. Bu, ictimai müzakirələrin mövzusu olmalıdır”.

Azərbaycanlıların milli ideyası haqqında geniş yayılmış son əsər AMEA-nın akademiki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycanın milli ideyası” kitabı olub. 2017-ci ildə dərc edilmiş, uzlaşmayan və pis arqumentləndirilmiş fikirlərdən ibarət olan kitab ictimaiyyət tərəfindən tənqid edilib, hökumətyönlü mətbuat tərəfindən təriflənib. Üstəlik, R. Mehdiyevin tərəfdarları əsərin mahiyyətinə toxunmadan müəllifi tərifləyiblər. Mehdiyevin əsəri Azərbaycan dövlətinin proqram sənədinə çevrilmədi, müəllifin istefası ilə unuduldu.

Bəlkə də Mehdiyevin kitabı yuxarıdan ona görə dəstəklənmədi ki, müəllif Azərbaycan prezidenti, “Azərbaycançılıq” adlandırdığı milli ideya haqqında öz təsəvvürünü təsdiq edən Heydər Əliyevlə rəqabət aparmalı oldu. “Azərbaycançılıq” termini altında milli və dini mənsubiyyətindən asılı olmayaraq, suveren, dünyəvi, sosial, hüquqi, müstəqil və demokratik dövlət quruculuğu məqsədilə birləşən bütün Azərbaycan vətəndaşlarının milli ideologiyası başa düşülürdü.

İ.Əliyev qərara alıb ki, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdikdən sonra onun xalqı öz dövrünün milli ideyasına qərar verib. İndi vəzifələr fərqli olmalıdır. Cəmiyyət nə deyəcək? Cəmiyyət müzakirəyə başladı. Hüquq firmasının həmsahibi, hüquqşünas Əkrəm Həsənov hüquqi dövlət quruculuğunu ümummilli vəzifə kimi irəli sürür. İctimai fəal Nazim Əzimov isə oliqarxların inhisarını aradan qaldırmağı, bazar iqtisadiyyatı elementlərini tətbiq etməyi, əhalinin həyat səviyyəsini yaxşılaşdırmağı, regionlarda yeni iş yerlərinin açılmasına nail olmağı təklif edir.

Turan nüfuzlu analitiklərə yeni milli ideya haqqında sual verib. Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər hesab edir ki, ölkədə korrupsiyanın, iqtisadiyyatda və siyasətdə inhisarçılığın, qanunsuzluğun kökü kəsilməyənə, müstəqil məhkəmə sistemi formalaşmayana qədər cəmiyyətin inkişafını və rifahını təsəvvür etmək çətindir.

“Onlar (indiki hakimiyyət – red.) 1993-cü ildən bəri müsavatçılığı əvəz etmək üçün milli ideya axtarırlar. Tapa bilmirlər və tapa bilməyəcəklər. Azərbaycanın müsavatçılıqdan başqa milli ideologiyası ola bilməz”, – İsa Qəmbər Turan-a deyib.

1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü bu ideya insanların bərabərliyi, qanunun aliliyi və söz azadlığı prinsiplərini birləşdirir. Müsavatçıların şüarları: türkçülük, islam, demokratiya.

Tarixçi Arif Yunusov milli ideyanın zəruriliyini qəbul etmir. O, Turan-a deyib ki, “milli ideya” anlayışı Rusiyada düşünülüb, orada buna aludə olublar, ruslardan sonra bizdə bu barədə danışmağa başlayıblar. Postsovet dünyasından kənarda belə bir anlayış yoxdur.

“Götürək Niderlandı (A.Yunusov bu ölkədə yaşayır- red) və digər Avropa ölkələrini, onların milli ideyası nədir? Onlar hətta belə bir sualı başa düşməyəcəklər. Ancaq bütün Qərb ölkələrini birləşdirən bir şey var- bu, qanuna hörmətdir. Bu, Qərb dünyası insanlarının psixologiyasının təməl daşıdır. Qanuna hörmət, üstəlik təkcə adi vətəndaşlar tərəfindən yox, ilk növbədə yüksək vəzifəli şəxslər tərəfindən. Və şəxsin səviyyəsi nə qədər yüksəkdirsə (krallar-prezidentlər-baş nazirlər, nazirlər və deputatlar) cəmiyyət onlardan qanuna daha çox hörmət tələb edir. Bax, cəmiyyətimiz üçün bu, əsas olmalıdır. O zaman seçkilər saxta yox, real olacaq və korrupsiyaya qarşı mübarizə və daha çox şey real olacaq. Azərbaycanda siyasi məhbus olmayacaq, ölkə insan hüquqlarını pozanların siyahısında olmayacaq”.

Yeni milli ideyanın irəli sürülməsi təklifini fevralın 7-nə təyin olunmuş növbədənkənar seçkilərdə MSK tərəfindən tanınmış prezidentliyə namizədlər qəbul ediblər.

Deputat və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qudrət Həsənquliyev bildirib ki, ölkənin milli ideyası qonşu ölkələrdə yaşayan azərbaycanlılarla milli birliyə nail olmaq olmalıdır. “Bizim partiyamız üçünsə yeni məqsədlər ədalətli cəmiyyət, hüquqi dövlət, demokratiyanın inkişafıdır”, – Q. Həsənquliyev bildirib.

Prezidentliyə digər namizəd, deputat Zahid Oruc öz sosial səhifəsində bildirib ki, Qarabağda qələbə platformasında yeni siyasi sistemin yaradılmasına başlamaq zəruridir. “Hazırda qalib gələn hər bir azərbaycanlının qəlbində sülh, bərpa və quruculuq, inkişaf və rifah, birgə yaşayış arzusu və milli qürur hökm sürür”, – Z. Oruc qeyd edib.

Müzakirələr qızışır. Ancaq milli ideya ilə bağlı ümumxalq referendumu olmadan milləti yeni vəzifələrə nail olmağa yönəldən yekun seçimin necə formalaşacağı məlum deyil. Cəmiyyətə yeni milli ideya haqqında ictimai müzakirələrə başlamağı təklif edən prezident İ.Əliyev deyib: “Gələcək inkişafla bağlı mənim öz düşüncələrim var və bir çox hallarda onlar həlledici olacaq”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button