Hadisə

Ekspert: “MSK-nın göndərdiyi SMS-lər qanunsuzdur” – Rəsmi açıqlama

Son günlər Mərkəzi Seçki Komissiyası (MSK) adından növbədənkənar prezident seçkiləri ilə bağlı vətəndaşlara göndərilən SMS-lər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkə iştirakçılarından bəziləri hər gün davamlı olaraq göndərilən SMS-lərdən narazılıqlarını bildirirlər.

Məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən iqtisadçı-ekspert Allahverdi Aydın iddia edir ki, MSK adından göndərilən SMS-lər qanunsuzdur.

İqtisadçı bildirir ki, MSK-nın göndərilən SMS-lər üçün nə qədər pul xərclədiyi bilinmir:

“Mobil operatorlar “Bulk SMS” dediyimiz kütləvi SMS xidmətlərini özləri birbaşa deyil, tərəfdaş şirkətlər vasitəsi ilə həyata keçirirlər. MSK da bu xidməti hansısa şirkət(lər) vasitəsi ilə həyata keçirməlidir. Bunun üçün də ən azından tender keçirilməlidir. Amma ortada belə bir tender yoxdur. Yəni, MSK-nın göndərdiyi SMS-lər qanunsuzdur. Hesablama Palatası istəsə, bunun haqq-hesabını çox asanlıqla MSK-dan soruşa bilər…”

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli isə bildirir ki, vətəndaşlara göndərilən SMS-lər MSK ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil operatorlar vasitəsilə birgə həyata keçirdiyi sosial layihədir və bunun üçün hər hansı maliyyə vəsaiti nəzərdə tutulmayıb.

Vətəndaşlara SMS göndərən mobil operatorlardan birindən – “Azercell”dən Yeniavaz.com-un sorğusuna cavab olaraq verilən açıqlamada isə qeyd olunur ki, müvafiq SMS göndərişi ödənişsiz həyata keçirilir:

“Müasir dünyada qabaqcıl şirkətlər idmandan mədəniyyət və incəsənətədək, təhsildən səhiyyəyədək, ekologiyadan iqtisadiyyatadək müxtəlif aspektləri özündə birləşdirən korporativ sosial məsuliyyətə xüsusi dəyər verirlər.
“Azercell Telekom” MMC də yarandığı gündən sosial məsuliyyətə fokuslanır və əhalinin bütün təbəqələrini diqqət mərkəzində saxlayaraq müxtəlif layihələrdə iştirak etməkdədir. Bu baxımdan bütün seçiciləri prezident seçkilərində fəal iştirak etməyə çağırmaq məqsədi ilə “Azercell Telekom” MMC tərəfindən məlumat xarakterli SMS-lər göndərilir”.

Bənzər yazılar

Back to top button