Hadisə

Hərbi hissələrdə yeyinti: “…Nəcməddin Sadıqova çatırdı…”

Müdafiə Nazirliyinin 3 hərbi hissəsində ümumilikdə 1 milyon 500 manata yaxın mənimsəmə olduğu bildirilir

Müdafiə Nazirliyi və tabeliyindəki qurumlarda 143 milyon manatlıq mənimsəmə ilə bağlı həbs olunan şəxslərin mühakimələri davam edir.

Həbs olunanların işinə qruplar şəklində olmaqla, ayrı-ayrılıqda baxılır. Amma bütün məhkəmə prosesləri Bakı Hərbi Məhkəməsində keçirilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi olmuş, general-mayor Nizami Məmmədov və onunla birlikdə mühakimə olunan 3 nəfərin – Hərbi Hava Qüvvələrinin (HHQ) maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və bu idarənin zabiti Vüsal Əlizadənin məhkəməsində xeyli vaxtdır ki, şahidlər dindirilir.

Hakim Fikrət Əliyevin sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında dindirilən şahidlər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Hərbi Polis İdarəsində və müxtəlif hərbi hissələrdə qiymət şişirtməsi nəticəsində milyonlarla vəsaitin necə mənimsənilməsindən danışıblar.

3 hərbi hissədə maliyyə xidmətinin rəhbəri olmuş Vüsal Məmmədli bildirib ki, istintaq bu hərbi hissələrdə ümumilikdə 1 milyon 500 min manata yaxın mənimsəmə üzə çıxarıb.

Vüsal Məmmədlinin sözlərinə görə, bunun təxminən 600 min manatı onun payına düşüb. Deyir ki, cinayət işi başlayandan sonra bir neçə dəfəyə olmaqla, ziyandan təxminən 220 min manat ödəyib.

Vüsal Məmmədli maliyyə xidmətinin rəisi işlədiyi hərbi hissələrin hər birində aşkarlanan yeyinti barədə də danışıb: “Birinci hərbi hissədə ümumilikdə 657 min manat mənimsəmə faktı ortaya çıxdı. İkincidə 214 min manat, üçüncüdə 500 min manat”.

Vüsal Məmmədli onu da bildirib ki, hərbi hissələrdə mənimsənilən vəsaitlərin 30 faizi təftişə gələnlərə verilir: “20 faizini “maliyyə”nin işçilərinə vermişəm…”.

O əlavə edib ki, hərbi hissələrə təftişə gələnlərə Müdafiə Nazirliyinin Maliyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin rəisi Rəfael Xələfov rəhbərlik edib.

Məhkəmədə dindirilən daha bir şahid Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəllim işləyən Səbuhi Məmmədov olub. Mayor Səbuhi Məmmədov əvvəllər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, iki hərbi maliyyə xidmətinin rəisi olub.

Onun sözlərinə görə, Hərbi Liseydə və işlədiyi hərbi hissələrdə ümumilikdə 4 milyon manata yaxın maliyyə yeyintisi aşkarlanıb. Bunun da 3 milyon 450 min manatı Naxçıvanski adına Hərbi Liseydəki yeyintilərdir.

O, mənimsəmənin necə həyata keçirilməsi haqda da məhkəmədə danışıb.

Səbuhi Məmmədov deyir ki, özlərindən ad və soyadlar, eləcə də şəxsiyyət vəsiqəsi üçün nömrələr uydurub, bununla da olmayan adamların adlarına bank kartları açdırıblar.

Real sahibləri olmayan həmin kartlara pullar köçürülüb. Sonra da kartlardan çıxarılaraq mənimsənilib.

Lakin təqsirləndirilən Cəlal Kazımov naməlum adamların adlarına bank kartlarının açılması barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

O, bu haqda şahidin dediklərinə də etiraz edib: “Burada nağıl danışır”.

Səbuhi Məmmədov deyir ki, liseydə, hərbi hissələrdə mənimsənilən pulların 90 faizi təftiş üçün gələnlərə verilib.

Onun sözlərinə görə, yoxlamaların birində 715 min manat mənimsəmə ortaya çıxarılmışdı. Bunun 651 min manatını təftişçi Sadıq Sadıqova verməli olublar. Amma Sadıq Sadıqov bunun 600 min manatını aparıb Maliyyə və Büdcə İdarəsinin Nəzarət və Təftiş şöbəsinə verməyib, özünə götürüb: “Bunun üstü sonradan açıldı. Sonradan təftişə Rövşən Əliyev gəlmişdi. Onda məni idarəyə çağırdılar. Əvvəlki yoxlama barədə söhbət düşəndə məlum oldu 600 mini idarəyə vermədiyi. Rövşən Əliyev gələndə ona 690 min verildi. Sonradan nəzarət və təftiş şöbəsinin rəisi Rəfael Xələfov məndən daha 10 min istədi. Dedi ki, 700 min olmalıydı”.

Səbuhi Məmmədov əlavə edib ki, işlədiyi yerlərdə mənimsənilən ümumi məbləğdən 399 mini ona çatıb. Bu ziyandan 20 min manatını istintaq dövründə ödəyib.

Əvvəllər Nəzarət və Təftiş şöbəsinin işçisi kimi, şöbə rəisi Rəfael Xələfovla birlikdə müxtəlif hərbi qurumlara təftişə getmiş, sonradan Hərbi Polis İdarəsinin maliyyə xidmətində işləmiş Mirseyid Eyvazov da məhkəmədə dindirilib.

Onun sözlərinə görə, təftiş zamanı aldıqları pulların əsas hissəsi Rəfael Xələfova çatırdı.

O, hərbi polisin maliyyə xidmətində işlədiyi vaxt mənimsəmə mexanizmi barədə də danışıb. Deyib ki, istintaq 2020-2022-ci illərdə 1 milyon 300 min manatlıq mənimsəmə üzə çıxarıb. Onun sözlərinə görə, mənimsənilən vəsaitin 30 faizi yoxlamaya gələnlərə çatırdı.

Müdafiə Nazirliyindəki yeyintilərlə bağlı istintaq mənimsənilən pullardan 700 min manatın Mirseyid Eyvazova çatması nəticəsinə gəlib. O, bununla razılaşır. Deyir ki, 700 min manatlıq ziyandan 400 min manatını ödəyib.

General və daha 3 nəfərin məhkəməsi fevralın 16-da davam edəcək.

2022-ci ilin əvvəlində DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Nizami Məmmədov və onunla birlikdə mühakimə olunan 3 nəfərlə yanaşı, Müdafiə Nazirliyinin bir xeyli başqa vəzifəli şəxsləri də məsuliyyətə cəlb olunub. Onların da hazırda məhkəməsi davam edir.

Yeyinti nəticəsində dövlətə dəymiş ziyanın təxminən 40 milyon manatının istintaq dövründə təqsirləndirilən şəxslər tərəfindən ödənildiyi bildirilir.

Təqsirləndirilən şəxslərdən biri – Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi Məlikməmməd Qurbanov öz məhkəməsində bildirmişdi ki, şirkətlərə artıq ödənilən pullar geri qaytarılarkən Baş Qərargah rəisi Nəcməddin Sadıqova çatırdı. Sonradan həmin pulların hansı istiqamətə gedəcəyinə isə onun özü qərar verirdi.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.(Meydan TV)

Bənzər yazılar

Back to top button