Hadisə

Narkotiklərlə bağlı cinayət törədənlərin 243 nəfəri qadın olub

Ötən il ölkədə qeydə alınan 36 min 811 cinayət hadisəsinin 10 min 57-si və ya 27,3%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu, 2022-ci ilin göstəricisindən 5,7% azdır.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törədən 8 min 697 şəxs müəyyən edilib. Onların 35,6%-ini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur.

Cinayət törədən şəxslərin 70,6%-ni heç yerdə işləməyən və oxumayanlar, 2,8%-ni qadınlar təşkil edib. Cinayət törədənlərin 0,2%-i 14-17 yaş aralığındakı uşaqlar, 6%-i 18-24 yaşlı, 15,9%-i 25-29 yaşlı gənclər, 77,9%-i isə 30 və yuxarı yaşlı şəxslər olub.

Ötən il ərzində 6 min 343,4 kiloqram və ya 2022-ci ilin göstəricisi ilə müqayisədə 26% çox narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin və psixotrop maddələrin 3 823,7 kiloqramını marixuana, 1 939,3 kiloqramını heroin, 261,2 kiloqramını tiryək, 65,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,5 kiloqramını kokain, 253,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə müsadirə edilərək qanunsuz dövriyyədən çıxarılan narkotik maddələrin 2 250,3 kiloqramını heroin, 2 134,2 kiloqramını marixuana, 434,6 kiloqramını tiryək, 38,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,4 kiloqramını kokain, 176,8 kiloqramı isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Bənzər yazılar

Back to top button