Dünya

Türkiyənin beşinci nəsil qırıcısı ilk uçuşunu həyata keçirib

Türkiyənin ilk yerli istehsal olan KAAN adlı döyüş təyyarəsi çərşənbə günü Ankara yaxınlığındakı Akıncı aviabazasında ilk uçuşunu həyata keçirib.

İstehsalçı “Turkish Aerospace Industries” şirkətinin baş direktoru Temel Kotil X şəbəkəsində ilk uçuşun 13 dəqiqə çəkdiyini yazıb.

O əlavə edib ki, təyyarə 230 düyün sürətə çatıb və 8000 fut yüksəkliyə qalxıb.

Türkiyə 2010-cu ilin dekabrında döyüş təyyarələrinin inkişafı proqramını işə salıb.

2011-ci ilin avqustunda hökumətlə şirkət arasında konseptual layihələndirmə ilə bağlı müqavilə imzalanıb.

Ardınca 2016-cı ilin avqustunda işlənib hazırlanma ilə bağlı müqavilə bağlandı.

Proqram 2030-cu illərdən sonra Türkiyə Hərbi Hava Qüvvələrinin tələblərinə cavab verəcək və ölkənin F-16 döyüş təyyarələri parkını əvəz edəcək beşinci nəsil döyüş təyyarəsinin yaradılmasını hədəfləyir.

Türkiyə istehsalın bütün mərhələlərini – texnologiya, infrastruktur, insan resursları və istehsal potensialını əhatə edən döyüş təyyarələrinin istehsalı üzrə bütöv sənaye-yığım zəncirinə malik azsaylı ölkələrdən biri olmağa çalışır.

Qanadları təxminən 46 fut və uzunluğu 69 fut olan Kaan iki mühərriklə təchiz edilib.

Prototip ilk istehsal partiyalarında istifadə olunacaq General Electric istehsalı olan iki F110-GE-129 turbofan mühərriki ilə təchiz edilib.

Türkiyə hazırda yerli “TRMotor” şirkəti tərəfindən Kaan üçün öz turbofan mühərrikinin yaradılması üzərində işləyir.

Qırıcı proqramına standart beşinci nəsil təyyarənin əksər xüsusiyyətlərini, məsələn, təyyarənin aşağı aşkarlanması (yüksək gizlilik), daxili silah yuvaları, sensor birləşməsi, qabaqcıl məlumat bağlantıları və rabitə sisteminin daxil olacağı gözlənilir.

Təyyarə 2070-ci illərə qədər istismarda qalacaq.

Hazırkı müqavilə proqramın ilk dörd ilini əhatə edir və ilkin layihələndirmə mərhələsinin bitməsi ilə başa çatacaq.

O vaxta qədər qrafik üzrə texnologiyanın gələcək sınaqları və təkmilləşdirilməsi planlaşdırılır.

2022-ci ilin dekabrında “Turkish Aerospace Industries” rəhbəri Kaanın ilkin tədarükünün 2028-ci ilə planlaşdırıldığını bildirib.

2029-cu ildən sonra məqsəd ayda iki, ildə cəmi 24 reaktiv təyyarə istehsal etməkdir.

Çərşənbə günü havaya qalxan təyyarə yerüstü sınaqlardan keçirilirdi. İstehsalçı indi daha beş prototip istehsal edəcək, bunun üçün hökumət 10 F110 mühərriki alıb.

Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar ötən həftə televiziyaya verdiyi müsahibədə təyyarə ilə maraqlandıqlarına bildirib.(Turan)

Bənzər yazılar

Back to top button