Dünya

“Artıq gecikmişik”: Ağ Ev cəbhədəki vəziyyəti dəhşətli adlandırdı

Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Ukraynadakı döyüş meydanında vəziyyəti “çox ağır” adlandırıb.

Bizimyol.info xəbər verir ki, “The Hill”ın verdiyi məlumata görə, o, bu barədə brifinqdə jurnalistlərə bildirib.

“Cəbhədəki Ukrayna əsgərləri, demək istəyirəm ki, harada və nə ilə atış edəcəkləri ilə bağlı çox çətin qərarlar qəbul edirlər. Onların sursatları da tükənir… Deməli, vəziyyət çox ağırdır”, – deyə o qeyd edib.

Kirbinin sözlərinə görə, “vaxt möhürü” qoyub demək olmaz ki, hansısa gün Ukrayna müharibəni uduzacaq, lakin indi onun ordusu rus işğalçı ordusunun hücumları qarşısında ərazilərini itirməyə başlayıb.

“Bizim köməyimiz indi Ukrayna üçün lazımdır. Çox gec ola biləcəyini də demək istəmirəm. Artıq müəyyən mənada gecikmişik. Avdeyevka şəhərini – sözün əsl mənasında döyüş sursatına görə itirdilər. Beləliklə, müəyyən mənada bu, artıq döyüş meydanına dramatik təsir göstərir”, – deyə Kirbi əlavə edib.

Xatırladaq ki, respublikaçılar və demokratlar arasında yaranan fikir ayrılıqları səbəbindən ABŞ bir neçə aydır ki, Ukraynaya əlavə yardımın göstərilməsinə razılıq verə bilmir. Dünən ABŞ prezidenti Co Bayden Konqres liderləri ilə görüşüb. O, Ukraynanın hərəkətə keçməməsinin ağır nəticələrini açıqlayıb, həmçinin onları hökumətin maliyyələşdirilməsini təsdiqləməyə çağırıb.

Bənzər yazılar

Back to top button