Dünya

ABŞ Senatında Respublikaçıların lideri istefa verir

Mitç Makkonnell ABŞ Senatında Respublikaçıların Lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə 82 yaşlı qanunverici Konqresin yuxarı palatasındakı çıxışında bildirib.

“Bu gün mən sizin qarşınızda durub deyirəm ki, bu, mənim Respublikaçı lider kimi sonuncu müddətim olacaq”, – siyasətçi deyib.

Onun sözlərinə görə, Senatdakı Respublikaçılar fraksiyası noyabrda yeni liderini seçmək niyyətindədir, ancaq yeni lider gələn yanvar işə başlayacaq.

Qanunverici vurğulayıb ki, o, 2027-ci ildə başa çatacaq səlahiyyət müddətindən əvvəl Konqresin yuxarı palatasında fəaliyyətini dayandırmaq niyyətində deyil. “Mən lider kimi davam etməsəm də, Kentukki ştatının sakinlərinin mənə həvalə etdiyi işi başa çatdıracağam”, – siyasətçi qeyd edib.

Qeyd edək ki, Makkonnell Konqresin yuxarı palatasında Respublikaçılar fraksiyasının lideri vəzifəsinə 2006-cı ilin sonunda seçilib. Ancaq partiya lideri vəzifəsinin icrasına 2007-ci ilin əvvəlində başlayıb. Hazırda o, sələflərindən fərqli olaraq, bu vəzifədə ən uzun müddət qalan siyasətçidir.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək və seçkilərin nəticələrinə əsasən, təkcə növbəti prezident deyil, həm də yeni Konqres yanvarda işə başlayacaq.

Bənzər yazılar

Back to top button