Hadisə

Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)

Beynəlxalq axtarışa verilmiş Qırğızıstan gömrük xidmətinin sabiq rəis müavini Rayımbek Matraimov Azərbaycanda həbs edilib.

Qaynarinfo “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Rayımbek Matraimov qanunsuz həbslərin həyata keçirilməsində və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərində iştirakda ittiham edilir. O, qardaşları – Tilek, Ruslan və İslambek ilə birlikdə Bakıda saxlanılıb və Qırğızıstana təhvil verilib.

Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, Rayımbek Matraimov öldürülmüş kriminal avtoritet Kamçı Kolbayevlə sıx əlaqədə olub.

“O, Gömrük Xidmətinin əməkdaşları və dövlət məmurları arasından cinayətkar qrup yaradıb. Xüsusilə, Rayımbek Matraimov Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin “Qanunsuz azadlıqdan məhrum etmə” və “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması)” maddələri ilə təqsirləndirilir”, deyə Komitədən bildirilib.

Bundan əvvəl dövlət komitəsinin mətbuat xidməti Rayımbek Matraimovun ümumi dəyəri 34 milyon 810 min 500 dollar olan daşınmaz əmlakının müsadirə olunduğunu açıqlamışdı. Lakin Dövlət Gömrük Xidmətinin sabiq rəis müavininin harada olduğu məlum deyildi və o, axtarışa verilmişdi. Daha sonra Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi onun Bakıda olmasını və Qırğızıstanda saxlanılan, Qırğızıstan Respublikasının rəhbərliyinə sui-qəsd hazırlayan Azərbaycandan olan transmilli cinayətkar qrupun üzvləri ilə əlaqəsini müəyyən edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Daxili İşlər Nazirliyi Qırğızıstanın 4 vətəndaşının ölkələrinə təhvil verildiyini açıqlayıb: “Qırğızıstan hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında ölkə ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. Azərbaycan Daxili İşlər Nazirliyi Qırğızıstanın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı qarşı tərəfə təqdim edib. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.

Həmçinin, Qırğızıstan hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar Qırğızıstanın aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər. Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğızıstanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir”.

Bənzər yazılar

Back to top button