Hadisə

Karantin qaydalarını pozan şəxslər tutuldu (VİDEO)

Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinin yoxlanılması zamanı rayon ərazisində Cəlilabad sakini olan Nahid Məmişov idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə saxlanılıb.

Onun karantin qaydalarını pozduğu, həmçinin sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib. Avtomobilin şöbənin duracağına yerləşdirilməsi zərurətinin yarandığını gördükdə isə sürücünün yanında sərnişin qismində olan, Cəlilabad rayon sakini, spirtli içki qəbul etmiş və karantin qaydalarını pozan qadın polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək öz qanunsuz əməllərini davam etdirib. Hər iki şəxs saxlanılaraq Masallı Rayon Polis şöbəsinə gətirilib.

Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
***

Şəmkirdə karantin rejimini pozaraq qəza törədən şəxslər tutulub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aprelin 10-da Şəmkir rayon sakini Orxan Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə rayonun qərb istiqamətindəki çıxışında xüsusi karantin rejimi ilə bağlı yaradılan polis postuna yaxınlaşaraq, Tovuz rayonuna getmək istədiyini bildirib.

Polis əməkdaşları vətəndaşa karantin qaydalarını izah edərək bunun yol verilməz olduğunu bildiriblər və sürücüdən geri qayıtmasını tələb ediblər. Bu zaman Orxan Hüseynov polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq postu qanunsuz keçib.

Məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə ara yollarla Qazax rayonuna qədər gedib çatan sürücü geri qayıdan zaman yenə də Şəmkir rayonun Düyərli kəndi ərazisindəki polis postunu qanunsuz keçmək istəyib. Lakin cəmi bir neçə metr irəlilədikdən sonra idarəetməni itirərək qəza törədib.

Nəticədə sürücü və yanındakı sərnişin, Şəmkir rayon sakini Ülvi Süleymanov yüngül bədən xəsarətləri alıb. Polis əməkdaşları dərhal qəza baş verən əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşlarını çağırıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, səhhətlərində ciddi problemin olmadığı aşkarlanıb.

Sürücü və sərnişin aidiyyəti məhkəmənin qərarı ilə 30 sutka həbs olub. Bundan başqa Orxan Hüseynov bir illik sürücülük hüququndan da məhrum edilib.

Bənzər yazılar

Back to top button