Dünya

Blinken Ukrayna və Qəzza ilə bağlı danışıqlar aparmaq üçün Fransaya gəldi

ABŞ dövlət katibi Entoni Blinken Parisə səfərə gəlib və burada Fransa prezidenti Emmanuel Makronla Rusiya Federasiyası ilə müharibədə Ukraynaya dəstək, İsraillə HƏMAS terror qruplaşması arasında münaqişə ilə bağlı danışıqlar aparacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə AFP-yə prezident Makronun ofisindən məlumat verilib.

Rəsmilər bildiriblər ki, dövlət katibi və Fransa liderləri Ukraynaya maliyyə və hərbi dəstəyin təmin edilməsi üçün fevralda Parisdə keçirilən beynəlxalq konfransın nəticələrini nəzərdən keçirəcəklər.

Qeyd olunur ki, Blinken Makronla “pisləşən beynəlxalq böhranı” müzakirə edəcək. O, Fransanın xarici işlər naziri Stefan Sejurne ilə də danışıqlar aparacaq.

Xarici işlər nazirinin ətrafının AFP-yə verdiyi məlumata görə, hər iki tərəf Ukraynaya dəstəyi “gücləndirmək” istəyir.

Eyni zamanda, Fransa Xarici İşlər Nazirliyi Sejurne və Blinkenin iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlığı, həmçinin Yaxın Şərq, Ukrayna və Sudandakı “böhranları” müzakirə edəcəklərini bildirib.

Dövlət Departamenti dünən bildirib ki, Blinken Makron, Sejurne və digər əsas Fransa rəsmiləri ilə Ukraynaya dəstək üçün beynəlxalq səyləri müzakirə etmək üçün görüşəcək.

Simvolik səfər olaraq ABŞ dövlət katibi Fransanın müdafiə naziri Sebastyan Lekornu ilə birlikdə Paris yaxınlığındakı Fransa-Almaniya müdafiə konserni KNDS zavoduna baş çəkəcək.

Xatırladaq ki, mart ayında Fransa prezidenti Emmanuel Makron “Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsini istisna etmək olmaz” demişdi. Daha sonra əlavə edib ki, onun rezonans doğuran sözləri diqqətlə düşünülüb.

Bənzər yazılar

Back to top button