Hadisə

“Lift nöqsanları”na görə işdən çıxarılan rəislərin vəzifəsi onlara tapşırıldı

Bir neçə gün əvvəl nöqsanlara görə işdən çıxarılan “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynovun və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanovun yerinə müvəqqəti təyinat olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Əmrə əsasən, “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi vəzifəsinin icrası Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin baş direktorunun müavini Şahin Hüseynova tapşırılıb.

Digər əmrə əsasən isə, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsinin icrası Baş mühəndis Vəli Əliyevə həvalə olunub.

Xatırladaq ki, bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti ciddi tənqid edilib.

Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib. Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar. Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə edilib.

Bənzər yazılar

Back to top button