Siyasət

Ermənistan MTX aprelin 10-da baş verən atışmada erməni sərhədçilərin təqsirini etiraf edib

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) erməni sərhədçiləri qaydaları pozmaqla, aprelin 10-da Nerkin Xndzoresk kəndi yaxınlığında atışmaya səbəb olmaqda ittiham edib.

Sərhədçilərin hərbi xidmət çəkmə qaydalarını açıq-aşkar pozması faktı üzrə cinayət işi açıldığı bildirilir, xəbəri “Sputnik-Armenia” yayıb.

İdarədən bildiriblər ki, aprelin 10-da erməni çobanın sürüsü ilə birlikdə Azərbaycan tərəfə keçdiyini öyrənən MTX-nin sərhəd qoşunlarının müddətli hərbi qulluqçusu xidmət yoldaşları ilə birlikdə “xidmət çəkmə qaydalarını pozaraq, özbaşına sərhədi keçmək və mal-qaranı qaytarmaq qərarına gəlib”.

Bu hərəkətlər ciddi ziyana, səbəbsiz atışmaya səbəb olub və insanların həyat və sağlamlığını təhlükə altına qoyub, deyə məlumatda qeyd edilir.

“İnsident nəticəsində Azərbaycan sərhəd xidmətinin hərbi qulluqçusu yaraalanıb. Baş verən hadisə ilə bağlı təəssüfünü bildirən MTX Sərhəd Xidməti hərbiçilərinin xidmət qaydalarına ciddi şəkildə riayət etməsi və bu cür halların qarşısının alınması məqsədilə tədbirlər görüb”, deyə məlumatda bildirilir.

Xidməti təhqiqatın nəticələrinə əsasən İstintaq Komitəsinə müvafiq müraciət göndərilib, burada cinayət işi açılıb və təqsirli şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə istintaq aparılır.

Xatırladaq ki, Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycan sərhədçisi, baş leytenant Rövşən Məmmədov yaralanıb.(Turan)

Bənzər yazılar

Back to top button