Siyasət

10 boş yer: Milli Məclisə təkrar və əlavə seçki necə təyin olunur?

Milli Məclisdə 10 deputat yeri boşdur.

2020-ci ilin fevralında keçirilən Milli Məclisə növbədənkənar seçki zamanı baş vermiş qanun pozuntularına görə dörd dairənin nəticələri ləğv edilib.

Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 74 saylı Lənkəran kənd seçki dairəsi və 80 saylı İmişli-Beyləqan seçki dairəsi olub.

Qeyd edək ki, VI çağırış Milli Məclisin 3 üzvü (Fəttah Heydərov, Madər Musayev və Qənirə Paşayeva) vəfat edib.

Eldəniz Səlimov isə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İki deputat Prezident İlham Əliyevin sərəncamlarına əsasən, vəzifəyə təyin ediliblər.

Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin ediləndən sonra onun deputat səlahiyyəti itirilib.

Bundan başqa Prezident İlham Əliyev Ramin Məmmədovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib.

Konstitusiyanın 87-ci maddəsində yazılır: Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçki Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.
Amma göründüyü kimi, VI çağırış parlamentin səlahiyyət müddətinin bitməsi üçün vaxt çoxdur.

Seçki Məcəlləsinin 176.4-cü maddəsinə əsasən, deputat mandatının boş qalmasından sonra bir ay müddətində əlavə seçki təyin edilir.

Lakin göründüyü kimi, bu seçki hələ təyin edilməyib.

Nəticələri ləğv edilmiş 4 seçki dairəsinə gəlincə, onunla bağlı vəziyyətə də nəzər salaq.

Seçki Məcəlləsinə əsasən, seçki müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və ya bu Məcəllənin 171.4-cü maddəsinə əsasən seçkinin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada təkrar seçki keçirir.

Bildirək ki, ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur.

Qeyd edək ki, Milli Məclisə seçkinin təyin edilməsi Prezidentin səlahiyyətindədir.

Mənbə: Oxu.az

Bənzər yazılar

Back to top button