Hadisə

Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur – Yeni faktlar

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.

Hadisə ilə bağlı Rasim Tağıyev bildirib ki, zərərçəkmiş oğlunu şantaj etmək üçün belə bir əməl törədib:

“Oğlum heç kimi yandırmayıb, oğlumu şantaj etmək üçün qadın özü üzərinə benzin töküb, benzin də siqaretdən alışıb. Özü də bunu etiraf edib. Cinayət işi açılıb. Dövlət hər şeyi ədalətli şəkildə həll edəcək”.

R.Tağıyevin dediyinə görə, oğlunun 22, həmin xanımın isə 34 yaşı var:

“Oğlumu dəfələrlə şantaj edib ondan pul istəyib. Pul vermədikdə isə çantasından benzini çıxarıb belə bir əməl törədib. Mənim bundan məlumatım olmayıb. Yeni öyrənmişəm. Xanımın müalicəsi hazırda davam edir. Özüm də vəziyyəti ilə maraqlanıram. Onun da balaları var. Sadəcə ağılsızlıq edib. Allah heç kimin başına belə bir iş gətirməsin. Mən o cür oğul böyütmüşəm. Ağıllı, hörmətli, tərbiyəli uşaqdır”.

Qeyd edək ki, ağır yanıq xəsarətləri alan qadın Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Bənzər yazılar

Back to top button