İqtisadiyyatManşet

Elm və Təhsil Nazirliyinin müsabiqəsiz milyonluq satınalmaları

“Ramiz Mehdiyevin oğlunu 2 milyonluq, Əli Həsənovun şirkətini 115 min manatlıq tenderin “qalibi” seçib”
“Cəmi 20 gün əvvəl yazmışdım. Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən Ramiz Mehdiyevin oğluna məxsus şirkət ilə 2 milyon manatlıq satınalma müqaviləsi imzalayıb“.
Bunu iqtisadçı Allahverdi Aydın sosial media hesabında yazıb.
Allahverdi Aydın
O qeyd edib ki, Elm və Təhsil Nazirliyi bu dəfə də Əli Həsənovun ailə üzvlərinə məxsus şirkəti 115 min manatlıq tenderin “qalibi” seçib: “Deməli, “Azərbaycan Müəllimi” qəzeti Elm və Təhsil Nazirliyinin rəsmi mətbuat orqanıdır. Yəni “Azərbaycan Müəllimi” qəzetinin sahibi (təsisçisi) Elm və Təhsil Nazirliyidir. Amma, nazirlik öz qəzetini Əli Həsənova bağlı olan “Azərmətbuatyayımı” ASC-dən satın alır. Üstəlik, 8 səhifəlik qəzetin bir ədədini 1 manata alacaq”.
“8 səhifəlik qəzetin 1 manata alınması “Dövlət satınalmaları haqqında “Qanunun 19-cu maddəsinin tələbinin pozulması deməkdir. Həmin maddədə yazılır ki, satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz. Əgər ölkədə 16 səhifəlik qəzetlərin pərakəndə satış qiyməti 60 qəpikdirsə, 8 səhifəlik qəzetin topdansatış qiymətinin 1 manat olması o deməkdir ki, nazirlik ehtimal olunan qiyməti düzgün hesablamayıb. Bu da Qanunun tələbinin pozulması deməkdir”, – deyə iqtisadçı vurğulayıb.
İqtisadçı bildirib ki, “Azərmətbuatyayımı” ASC-nin təsisçisi “Kaspi Mətbuat Yayım” MMC-dir. Hər iki şirkətin rəhbəri eyni şəxsdir – Salmanov Süleyman Əli oğludur.
“Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda – Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir: “Məsələn, Əli Həsənovun həyat yoldaşının rəhbərlik etdiyi olan “Kaspi Education” MMC də (VÖEN – 1701352711) bu ünvanda qeydiyyatdadır.  Yeri gəlmişkən, qeyd edim ki, elm və təhsil nazir də əvvəllər “Kaspi Education” MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb”.


Bənzər yazılar

Back to top button